Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Tsinpin arasında danışıqlar şənbə günü Limada keçirilən APEC sammiti çərçivəsində Çin nümayəndə heyətinin Delfines otelində baş tutacaq.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Görüşdə liderlərlə yanaşı, ABŞ Dövlət katibi Entoni Blinken, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, ABŞ-ın Çindəki səfiri Nikolas Börns və digər yüksək vəzifəli şəxslər iştirak edəcək. Çindən isə Mərkəzi Komitənin Katibliyinin rəhbəri Cai Tsi, Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri və xarici işlər naziri Vanq Yi, habelə ticarət naziri Van Ventao iştirak edəcək.
Mətbuatın verdiyi məlumata görə, təhlükəsizlik səbəbindən otel ərazisində mobil rabitə və internet xidməti dayandırılıb. Ağ Ev bildirib ki, görüşün keçirildiyi yer ev sahibi ölkə tərəfindən müəyyən edilir.
Danışıqlar zamanı liderlərin Ukrayna böhranını, eləcə də Asiya-Sakit okean regionundakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. Həmçinin, bu görüşün Baydenin ABŞ Prezidenti kimi Si Tsinpinlə sonuncu görüşü ola biləcəyi ehtimal olunur.