Bakı. Trend:
Meksika futbol millisinin baş məşqçisi Xavyer Aqirre KONKAKAF Millətlər Liqasının 1/4 final mərhələsində Hondurasla keçirilən oyundan sonra pivə qutusunun zərbəsi nəticəsində başından xəsarət alıb.
Trend-in verdiyi məlumata görə, Hondurasda baş tutan oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra Aqirre rəqib komandanın məşqçisini təbrik etməyə gedərkən azarkeşlər ona müxtəlif əşyalar atıblar. Atılan pivə qutularından biri Aqirrenin başına dəyib və başında qanaxma başlayıb. Baş məşqçiyə tibbi yardım göstərilib.
“Mən şikayət etmək niyyətində deyiləm. Bu, futbolun bir parçasıdır və artıq başqa məsələlərdən danışmağın mənası yoxdur,” - deyə 65 yaşlı Aqirre mətbuat konfransında insidentlə bağlı açıqlama verib.