Bakı. Trend:
Biz iqlim dəyişikliyinin gələcək təsirinin miqyasını düzgün qiymətləndirmirik.
Trend xəbər verirki, bunu Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Qlobal Ofisinin direktoru Martin Frik COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikasının Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşü çərçivəsində “Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyinin qorunması tədbirləri” sessiyası zamanı deyib.
"İqlim dəyişikliyinin təsirlərinin bizə nə qədər tez zərbə vurması təəccüblüdür. Mən 2007-ci ildən bəri iqlim dəyişikliyini peşəkar şəkildə öyrənirəm və elmin 2017-ci ildə 2030, 2035 və hətta 2040-cı illər üçün verdiyi proqnozları görmüşəm. Bu proqnozların bəziləri artıq reallaşıb. Üstəlik, görünür ki, biz iqlim dəyişikliyinin gələcək təsirinin miqyasını düzgün qiymətləndirmirik", - deyə o bildirib.
M.Frik qeyd edib ki, bu gün dünyada hamı üçün kifayət qədər qida olduğunu iddia etmək mümkün olsa da, bəşəriyyət artıq paylanma problemi ilə üz-üzədir.
"Zəngin ölkələrdə taxıl istehsalının 20%-dən az hissəsi insan qidası üçün istifadə olunur. Əsas hissəsi ət, süd, yumurta və digər məhsulların istehsalı üçün yem kimi istifadə olunur. Taxılın əhəmiyyətli bir hissəsi də bioyanacaq istehsalında istifadə olunur", - deyə o vurğulayıb.
Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova da iştirak edir.
Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak ediblər.
İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.