Bakı. Trend:
Peruda qaçaqmalçılıqda şübhəli bilinən bir qadın, bədəninə bağlanmış yüzlərlə tarantula və digər zəhərli həşəratlarla təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.
Trend xəbər verir ki, hadisə paytaxt Limadakı hava limanında baş verib. 28 yaşlı qadın plastik torbalarda 300-dən çox tarantula, təxminən 100 qırxayaq və doqquz sancılı güllə qarışqasını bədəninə bağlayaraq Cənubi Koreyaya keçirmək istəyərkən şübhəli hərəkətləri ilə diqqət çəkib.
Perunun Milli Meşə Təsərrüfatı və Vəhşi Təbiət Xidmətinin bioloqu Pilar Ayalanın sözlərinə görə, heyvanlar filtr kağızına bükülmüş kiçik kisələrdə saxlanılıb və bədənə iki kəmərlə sarınıb. Saxlanılan şəxsin qorxunc yükü müvafiq təbiət mühafizəsi xidmətlərinə təhvil verilib.
Hörümçək qaçaqmalçılığı şəxsi suvenir kolleksiyaçıları arasında çox gəlirli sahə kimi tanınır. Biologiya üzrə ekspert Elis Xyus, bu cür hobbi ilə məşğul olan kolleksiyaçıların mümkün qədər çox nümunə toplamağa çalışdıqlarını bildirib.