...

COP29 çərçivəsində "Karbon qazının mədəni və kreativ azaldılması: Beynəlxalq ssenari" adlı forum keçirildi (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2024 14:07 (UTC +04:00)
COP29 çərçivəsində "Karbon qazının mədəni və kreativ azaldılması: Beynəlxalq ssenari" adlı forum keçirildi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində "Elm, Texnologiya və İnnovasiyalar/Rəqəmsallaşma" adlı tematik günü çərçivəsində "Karbon qazanın mədəni və kreativ azaldılması: Beynəlxalq ssenari" adlı forum keçirilib.

Trend xəbər verir ki, tədbir Fondazione Santagata for the Economics of Culture (İtaliya) və bFuture Təşəbbüsünün (Azərbaycan) birgə təşkilatçılığı ilə təşkil edilib.

İqlim dəyişikliyinə qarşı mübarizədə müxtəlif sahələrin çoxşaxəli roluna həsr olunmuş beynəlxalq forum dayanıqlı inkişafda mədəni, elmi, texnoloji və sosial yanaşmaların müzakirəsi üçün platforma rolunu oynadı. Forumda ekspertlər tədqiqat layihələrini təqdim etdilər, innovasiyaların tətbiqi üzrə uğurlu nümunələri bölüşdülər və dünyanın müxtəlif yerlərindən olan təcrübələrin müzakirəsini apardılar.

Təqdimatlarda və panel müzakirələrində çıxış edənlər arasında YUNESKO İcraiyyə Bürosunun rəhbəri Dorine Dubois, Fondazione Santagata-nın prezidenti və tədqiqat bölməsinin rəhbəri Paola Borrione, Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Sədr müavini Sədəqət Davudova, mədəniyyət və strateji məsələlər üzrə ekspert, bFuture təşəbbüsünün həmtəsisçisi Ramil Abbəkirov, beynəlxalq mədəni irsin idarə edilməsi və bərpası üzrə ekspert Alessandro Biançi, NOW Partners qlobal dayanıqlı inkişaf təşkilatının nümayəndəsi Daniel Povel, Piza Universitetində YUNESKO-nun "Dayanıqlı Enerji İcması" kafedrasının rəhbəri Anna Teresa Rondinella və Fondazione Santagata-nın Turizm və Ədalətli Keçid layihə meneceri Andrea Porta yer almışdır.

Panel müzakirələrdə dayanıqlı inkişafın əsas məsələləri, o cümlədən elm, texnologiya, innovasiya və mədəniyyət sektorunun ətraf mühit problemlərinin həllindəki töhfələri müzakirə edildi. Ekspertlər mədəni, texnoloji və elmi təşəbbüsləri birləşdirən çoxşaxəli yanaşmanın əhəmiyyətini vurğuladılar. Karbon ixracının azaldılması və dayanıqlı inkişafın təşviqi üçün təsirli strategiyaların hazırlanmasının vacibliyi qeyd olundu. Sistemli dəyişikliklərin yalnız cəmiyyətin bütün təbəqələrinin və iqtisadiyyatın müxtəlif sektorlarının iştirakı ilə mümkün olduğu vurğulandı.

Tədbir zamanı Fondazione Santagata təşkilatının fəaliyyəti təqdim edildi və bFuture Təşəbbüsünün rəsmi açılışı elan olundu.

Fondazione Santagata-nın mədəni irsin idarə edilməsi və dayanıqlığın cəmiyyətin müxtəlif aspektlərinə inteqrasiyasına yönəlmiş tədqiqatlarda və layihələrdə fəal iştirakı vurğulandı. Təşkilat YUNESKO ilə mədəni və təbii sərvətlərin qorunması, innovativ idarəetmə yanaşmalarının tətbiqi və ərazilərin dayanıqlı inkişafı sahəsində əməkdaşlıq edir.

Fondazione Santagata-nın fəaliyyətində əsas istiqamətlərdən biri mədəni və təbii irsə əsaslanan dayanıqlı turizmin təşviqidir. Bu, regionların iqtisadi inkişafı üçün yeni imkanların yaradılmasını və yaradıcı klasterlərin gücləndirilməsini əhatə edir. Təşkilat həmçinin mədəni təcrübələrlə ekoloji keçid arasındakı əlaqəni fəal şəkildə araşdırır və ətraf mühitə təsirləri azaltmaq üçün innovativ həllər hazırlayır.

Forumun əsas məqamlarından biri isə bFuture Təşəbbüsünün rəsmi təqdimatı oldu. Bu təşəbbüsün həmtəsisçiləri olan Ramil Abbəkirov və Bəhram Cəfərli layihənin məqsədlər haqqında məlumat verdilər.

"bFuture, insanlara və təşkilatlara daha dayanıqlı, innovativ və uzaqgörən olmağa kömək etmək üçün yaradılıb. Bu təşəbbüs innovasiyaların dəstəklənməsi, dayanıqlı düşüncə tərzinin inkişafı, ekoloji təmiz həllərin təşviqi və sosial inteqrasiyanın artırılması kimi geniş sahələri əhatə edir," - deyə Ramil Abbəkirov bildirdi.

Təşəbbüs yalnız milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıqların təşviqi vasitəsilə fəaliyyətini genişləndirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti