Bakı. Trend:
Azərbaycanın pambıq və tekstil sənayesinin ən böyük şirkəti olan GP Cotton Holdings, COP29-un altıncı günü Yaşıl Zonada "Davamlı Heyvandarlıq İstehsalı: İqlim Dayanıqlılığı Üçün Biznes və Kənd Təsərrüfatının Birliyi" adlı ölkə heyvandarlığının inkişafı baxımından önəmli sessiya keçirdib. Tədbir iqlim dəyişikliyi fonunda davamlı təcrübələrin zəruriliyini müzakirə etmək üçün heyvandarlıq və kənd təsərrüfatı sektorlarından tanınmış simaları bir araya gətirib.
GP Cotton Holdings şirkətinin Müşahidə şurasının müşaviri Gülnarə Həsənovanın moderatorluq etdiyi sessiyanın panelində Alltechşirkətinin Ətraf mühit, Sosial və İdarəetmə üzrə Qlobal vitse-prezidenti Tara McCarthy, Qlobal Südçülük Platformasının İcraçı direktor Donald Moore, Qlobal Davamlı Mal Əti Platformasının Latın Amerikası üzrə regional direktoru Josefina Eisele, GP Cotton Holdings şirkətinin Müşahidə şurasının sədri John Young Simpson, Braziliya Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Davamlı İstehsal və Suvarma üzrə Direktoru Dr. Bruno Brasil, Dairy Management Inc. Şirkətinin sədri Marilyn Hershey və JBS Foodsşirkətinin Qlobal Davamlılıq üzrə direktoru Jason Weller çıxış ediblər.
Tədbirdə iqlimə uyğun heyvandarlıq təcrübələrinin məhsuldarlığı artıraraq ətraf mühitə təsirləri azaltdığı vurğulanıb. Tədbir iştirakçıları arasında uğur hekayələri və innovativ nümunə işləri paylaşılaraq, kənd təsərrüfatı icmaları ilə sənaye liderləri arasında əməkdaşlığın iqlim dayanıqlığına doğru irəliləyişləri necə təmin etdiyi nümayiş etdirilib.
Tara McCarthy çıxışı zamanı davamlı heyvandarlıq istehsalının iqlim dəyişikliyi ilə mübarizə aparmaq və qida təhlükəsizliyini təmin etmək üçün əsas olduğunu bildirib. O, “İnnovativ təcrübələri inteqrasiya edərək və kənd təsərrüfatı sektorunda əməkdaşlığı təşviq edərək məhsuldarlığı artırmaq və planetimizin resurslarını qorumaq mümkündür," – deyə bildirib.
Süd sektorunun qlobal qida sistemlərində rolu, milyonlarla insana qidalanma və dolanışıq təmin etməsi barədə danışan Donald Moore, çıxışında qeyd edib ki, 'Süd üzrə Net Zero Yolları' kimi təşəbbüslər vasitəsilə davamlılıq və məhsuldarlığın əl-ələ verə biləcəyini göstəririk. Əməkdaşlıq daha davamlı bir gələcək üçün ortaq hədəflərə çatmağın açarıdır".
Südçülüklə bağlı Dairy Management Inc. şirkətinin sədri də danışıb. "Süd fermaları üçün davamlılıq yalnız bir məsuliyyət deyil – bu, həyat tərzidir. Tədqiqatlardan yararlanaraq və innovativ təcrübələri tətbiq edərək biz ətraf mühiti qoruyur və süd təsərrüfatının gələcək nəsillər üçün davamlılığını təmin edirik." Deyə xanım Marilyn Hershey çıxışında bildirib.
Konfransın təşkilatçısı GP Cotton Holdings şirkətinin Müşahidə şurasının sədri John Young Simpson öz növbəsoində deyib, “Pambıq yan məhsulları, xüsusilə də pambıq toxumu, həmçinin torpağın dincəlməsi üçün əkilən bitkilər davamlı heyvandarlıq yeminə inteqrasiya olunmuş mühüm bir rola malikdir. Bu yan məhsullar heyvanlar üçün yüksək keyfiyyətli yem variantları təmin edir və eyni zamanda kənd təsərrüfatı sektorunun tullantıları minimuma endirərək resurslardan maksimum dərəcədə faydalanmasını nümayiş etdirir. Bu sinerjiləri qəbul edərək, həm pambıq, həm də heyvandarlıq dəyər zəncirlərində davamlılığı təşviq edə və kənd iqtisadiyyatını dəstəkləyə bilərik.”
Bu konfransla GP Cotton Holdings davamlı təcrübələrin irəlilədilməsi sahəsindəki liderliyini nümayiş etdirərək kənd təsərrüfatında əməkdaşlıqla iqlim tədbirləri üçün bir meyar təyin etməyə nail olub.
Alltech: 1980-ci ildə irlandiyalı alim Dr. Pearse Lyons tərəfindən təsis edilmiş Alltech, heyvan sağlamlığı və qidalanması, bitki elmi, həmçinin qida və içki sənayesində qlobal liderdir. Şirkətin baş ofisi ABŞ-ın Kentukki ştatının Nicholasville şəhərində yerləşir və Alltech 128 ölkədə fəaliyyət göstərir, 31 istehsalat müəssisəsinə malikdir. Şirkətin missiyası, qidalanma və elmi innovasiyalar vasitəsilə insanların, heyvanların və bitkilərin sağlamlığını və performansını yaxşılaşdırmaqdır. Alltech-in fəaliyyətini "ACE" prinsipi idarə edir ki, bu da Heyvanlar, İstehlakçılar və Ətraf mühit üçün müsbət təsir göstərməyi təmin edir.
Global Dairy Platform (GDP): Süd şirkətlərini, assosiasiyaları və elmi qurumları qlobal qida sistemlərində, qidalanmada və davamlı inkişafda südün rolunu təşviq etmək üçün birləşdirən qeyri-kommersiya təşkilatıdır. 150-dən çox ölkədə fəaliyyət göstərən GDP üzvləri qlobal süd istehsalının üçdə birinə töhfə verir. Təşkilatın 200-dən çox təşkilat tərəfindən dəstəklənən "Süd üzrə Net Zero Yolları" proqramı, süd sənayesində istixana qazı emissiyalarını azaltmağı hədəfləyir.
Global Roundtable for Sustainable Beef (GRSB): Mal əti dəyər zəncirində davamlılığı irəlilətməyə həsr olunmuş çoxsaylı tərəfdaşları bir araya gətirən təşəbbüsdür. 24-dən çox ölkədə aktiv olan GRSB, dünya üzrə mal-qaranın təxminən üçdə ikisini əhatə edir. 2024-cü ilin oktyabr ayında təşkilatın Davamlılıq Hesabatı, iqlim təsirinin azaldılması və təbiətə müsbət təsir göstərən istehsal kimi sahələrdə əldə edilmiş irəliləyişləri vurğuladı.
Dairy Management Inc. (DMI): ABŞ-da süd məhsullarını tədqiqat, təhsil və innovasiya vasitəsilə təşviq edən təşkilatdır. Təxminən 28,000 amerikalı süd fermeri tərəfindən maliyyələşdirilən DMI, Milli Süd Şurasını, ABŞ Süd İxracat Şurasını və ABŞ Süd İnnovasiya Mərkəzini idarə edir. Şirkət, süd məhsullarının satışını artırmaq və onların imicini yaxşılaşdırmaq məqsədilə qida və içki sənayesinin liderləri ilə əməkdaşlıq edir.
JBS Foods: 2040-cı ilə qədər sıfır istixana qazı emissiyasına nail olmağı hədəfləyən qlobal ərzaq lideridir. Şirkət, müəssisələrinin yenilənməsi üçün 2030-cu ilə qədər 1 milyard dollardan çox, tədqiqat və inkişafa isə 100 milyon dollar ayırmağı planlaşdırır. Eyni zamanda, 2030-cu ilə qədər emissiyaları 30% azaltmaq və 2040-cı ilə qədər 100% bərpa olunan elektrik enerjisinə keçid etmək niyyətindədir. Bu təşəbbüslər, JBS Foods-un ətraf mühitin qorunmasında lider rolunu və qlobal əhalini qidalandırmaqda mühüm rolunu bir daha vurğulayır.