Bakı. Trend:
Cənubi Afrika Təkmilləşdirilmiş Şəffaflıq Sistemi (ETF) çərçivəsində fəal şəkildə çalışır və iqlim öhdəliklərinin yerinə yetirilməsini davam etdirir.
Trend xəbər verir ki, bu barədə Cənubi Afrikanın ətraf mühit, meşə təsərrüfatı və balıqçılıq naziri Dion Corc "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.
Onun sözlərinə görə, Cənubi Afrika BMT-yə və Hökumətlərarası İqlim Dəyişiklikləri Panelinə (IPCC) 3 milli kommunikasiya, 5 İkiillik Şəffaflıq Hesabatı (BTR) və 7 milli inventarizasiya hesabatı təqdim edib. 2023-cü ildə son hesabat versiyası təqdim edilib, bu il isə ölkə 4-cü milli kommunikasiya və ilk şəffaflıq hesabatını təqdim etməyi planlaşdırır.
"Cənubi Afrika öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) çərçivəsində hədəflərin icrasını fəal şəkildə izləyir. 2025-ci ilə qədər istixana qazı emissiyalarının 398-510 milyon ton karbon ekvivalenti, 2030-cu ilə qədər isə 350-420 milyon ton arasında olacağı proqnozlaşdırılır", - deyə o bildirib.
Nazir bu hədəflərə çatmaq üçün Cənubi Afrikanın bir sıra mühüm siyasətləri həyata keçirdiyini qeyd edib. Bu siyasətlərə İnteqrasiya olunmuş enerji və resurs strategiyaları, "yaşıl" enerjiyə keçid strategiyası daxildir. Ölkə, həmçinin, karbon vergisi, "yaşıl" nəqliyyat strategiyası və tullantıların idarə olunması proqramlarını tətbiq etməyə davam edir.
Nazir inkişaf etməkdə olan ölkələrin, o cümlədən, Cənubi Afrikanın iqlim öhdəliklərini yerinə yetirmək üçün maliyyə dəstəyinin vacibliyini vurğulayıb. O, inkişaf etmiş ölkələri Paris Sazişi hədəflərinə və 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün qrantlar, güzəştli kreditlər və texnologiya transferi şəklində maliyyə yardımı göstərməyə çağırıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.