...

Azərbaycan İkiillik Şəffaflıq Hesabatlarının təqdim edilməsində mühüm rol oynayır - Yalçın Rəfiyev

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 11:01 (UTC +04:00)
Azərbaycan İkiillik Şəffaflıq Hesabatlarının təqdim edilməsində mühüm rol oynayır - Yalçın Rəfiyev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim edilməsində mühüm rol oynayır və əhəmiyyətli töhfə verir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev COP29 çərçivəsində keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

"Ümumilikdə iqlim fəaliyyəti sahəsində şəffaflıq əsas elementlərdən biridir. Əsas məqam odur ki, dövlətlər hər beş ildən bir öz məqsədlərini bəyan edərək, növbəti beş il üçün ambisiyalarını müəyyənləşdirir və onların icra planlarını hazırlayır.

Şəffaflıq hesabatları hər iki ildən bir bu planların icrasının effektivliyini qiymətləndirən sənədlərdir. Azərbaycan bu il ilk dəfə belə hesabatlar təqdim edəcək. İlin əvvəlindən biz İkiillik Şəffaflıq Hesabatlarını prioritet elan etdik, müxtəlif dövlətlərlə fəal işlədik və bu gün onların çoxu artıq hesabatlarını təqdim edib və ya ilin sonuna qədər təqdim edəcək.

Bu istiqamətdə Azərbaycan mühüm rol oynayır və əhəmiyyətli töhfələr verir, bu da digər dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Bu prosesi sürətləndirmək üçün biz artıq müxtəlif dövlətlər tərəfindən dəstəklənən və təsdiqlənmiş bir bəyannamə qəbul etməyi təklif etdik. Onun əsas mahiyyəti ondan ibarətdir ki, növbəti illərdə Bakı Şəffaflıq Platforması vasitəsilə zəruri təlimlər və texniki dəstək təmin ediləcək.

Bu, vaxt və əhəmiyyətli resurslar tələb edən bir prosesdir. Azərbaycanın təşəbbüsü həmçinin qərb donor dövlətləri tərəfindən də dəstəklənir. Gələcək illərdə dövlətlərə yardım bu dəstək, həmçinin, Azərbaycanın öz resursları hesabına göstəriləcək", - deyə Y.Rəfiyev vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti