...

COP29 çərçivəsində sənaye və energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi mövzusunda müzakirələr aparılıb (FOTO)

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 12:06 (UTC +04:00)
COP29 çərçivəsində sənaye və energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi mövzusunda müzakirələr aparılıb (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində "Sənaye və energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi – iqtisadiyyatın modernləşdirilməsi və inkişaf proqramı" mövzusunda panel müzakirə keçirilir.

Trend xəbər verir ki, Dünya Bankının (DB) infrastruktur üzrə vitse-prezidenti Quançe Çen çıxış edərək bildirib ki, sıfır emissiyalara keçid zamanı risklərin azaldılması üçün 4 əsas istiqamət üzrə işləmək lazımdır.

"DB hesab edir ki, inkişaf etməkdə olan bazarları və iqtisadiyyatı olan ölkələrdə bu mürəkkəb sahələrin 2050-ci ilə qədər sıfır emissiyalara keçidi üçün çoxsaylı çağırışların öhdəsindən gəlmək lazımdır. Əsas çağırışlardan biri belə investisiyaların risklərinin azaldılmasıdır. Dekarbonizasiya investisiyaları yüksək riskli kimi qəbul edildiyindən, riskləri azaltmağa kömək edəcək 4 əsas istiqaməti müəyyən etdik.

Birinci – karbon emissiyalarına qiymət qoyulmasıdır. İkinci – hədəfli dövlət subsidiyaları və dəstəkdir. Üçüncü istiqamət innovasiya və texnologiyaların dəstəklənməsi ilə bağlıdır. Dördüncü – beynəlxalq əməkdaşlıqdır", – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti