Bakı. Trend:
Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara, qadınlara, gənclərə, əlillərə təsirini azaltmaq üçün çox böyük işlər görür.
Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.
"Biz müxtəlif ölkələrin və aidiyyəti nazirlərin, eləcə də, beynəlxalq təşkilatların təcrübəsini qiymətləndirmişik, bacarıqları necə inkişaf etdirəcəyimizə və iqlim dəyişikliyi ilə bağlı yaranacaq zərurətin necə azaldılmasına dair fikirlər təqdim etmişik.
Azərbaycanda müvafiq peşə hazırlığı və təhsil sistemlərinin inkişafına diqqət yetirilir. İqlim dəyişikliyi hamıya təsir edir. İqlim dəyişikliyi əsaslı şəkildə əmək bazarına təsir edəcək, yeni iş yerləri, yeni imkanlar, yaşıl iş yerləri yaranacaq və təbii ki, biz əmək resurslarımızı bu dəyişikliklərə hazırlamalıyıq.
Biz yaşıl iqtisadiyyatda bacarıq və səriştələri dərinləşdirməliyik, təlim mexanizmləri şəbəkəmizi dərinləşdirib təkmilləşdirməliyik və bu səylərə daha çox özəl və dövlət qurumlarını cəlb etməliyik”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.