Bakı. Trend:
Yaponiya Qlobal İqlim Şəffaflığının (BTR) təkmilləşdirilməsi üçün Azərbaycanla birgə çalışmaq niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.
"Bakı Qlobal İqlim Şəffaflığı Platforması, dünya üzrə şəffaflığın artırılmasına yönəlmiş təşəbbüs olaraq, vaxtında atılmış bir addımdır və mən onu bu Tərəflər Konfransının (COP) mühüm nailiyyəti kimi qəbul edirəm.
Yaponiya Azərbaycan və burada toplaşan bütün maraqlı tərəflərlə birlikdə BTR-in təkmilləşdirilməsi üçün çalışmaq niyyətindədir", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.