Bakı. Trend:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-oktyabr aylarında 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Trend Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, neft-qaz sektorunda məhsul istehsalı 1,5 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.
Sənaye məhsulunun 64 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,8 faiz artıb.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 68,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz, mebel istehsalı 40,7 faiz, hazır metal məmulatlarının istehsalı 38,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 30,3 faiz, elektrik avadanlıqlarının istehsalı 29,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 22,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, tikinti materiallarının istehsalı 19,6 faiz, içkilərin istehsalı 18,1 faiz, tütün məmulatlarının istehsalı 14,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,3 faiz, kağız və karton istehsalı 9,7 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,3 faiz, geyim istehsalı 3,9 faiz, neft məhsullarının istehsalı 2,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,2 faiz artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 4,8 faiz, sair sənaye məhsullarının istehsalı 6,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8 faiz, poliqrafiya məhsullarının istehsalı 24,9 faiz, maşın və avadanlıqların istehsalı 43,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8 faiz artıb.