Bakı. Trend:
COP29 çərçivəsində Qlobal İqlim Şəffaflığı üzrə nazirlərin dəyirmi masası keçirilib.
Trend-in məlumatına görə, ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın İkiillik Şəffaflıq Hesabatı (BTR) bu həftə təqdim olunmağa hazırdır.
"Ambisiyaların artırılması Milli Müəyyən Edilmiş Töhfələr, Milli Uyğunlaşma Planları və İkiillik Şəffaflıq Hesabatı (BTR) vasitəsilə 1,5 dərəcə hədəfini qorumaq üçün aydın planların hazırlanmasını tələb edir.
Şəffaflıq COP29 prezidentliyinin bu prosesin lap əvvəlindən prioriteti olub. Bu gün mən İkiillik Şəffaflıq Hesabatlarına və COP29 prezidentliyinin iqlim fəaliyyətlərində şəffaflığı necə dəstəklədiyinə diqqət yetirmək istəyirəm. Şəffaflıq beynəlxalq proseslərə olan etimadı və inamı gücləndirir. O, məsuliyyətimizi artırır və iqlim fəaliyyətlərinə dair ambisiyaların artırılmasına töhfə verir".
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Xamlaci çıxışı zamanı qeyd edib ki, bu il Paris Sazişi çərçivəsində Təkmilləşdirilmiş Şəffaflıq Sisteminin tam tətbiqi qeyd olunur.
"İlk İkiillik Şəffaflıq Hesabatları təqdim edilib. Mən bu hesabatları təqdim etməkdə lider olan ölkələri qeyd etmək istəyirəm: Andorra, Qayana, Panama, Yaponiya, İspaniya, Türkiyə, Qazaxıstan, Almaniya, Maldiv adaları, Niderland və Sinqapur. Bu ölkələr, həqiqətən də, digərləri üçün güclü nümunə göstərir. İkiillik Şəffaflıq Hesabatları hökumətlərin iqlim siyasətini dəqiqləşdirməyə və gücləndirməyə imkan verən etibarlı sübut bazası yaradır.
Bu hesabatlar nailiyyətləri qeydə alır, boşluqları müəyyən edir və əlavə səylər və resursların harada tələb olunduğunu göstərir. Hesabatlar birgə tərəqqimiz haqqında ətraflı mənzərə yaradır və hansı sahələrdə əlavə tədbirlər və dəstək göstərilməli olduğunu ortaya qoyur. Biz qəbul edirik ki, bu hesabatların hazırlanması və təqdim edilməsi prosesi, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün çətin ola bilər", - deyə o vurğulayıb.
Öz növbəsində Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao vurğulayıb ki, Yaponiya Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP) dəstəkləyir.
"Dünya bir çox dəyişikliklərlə üzləşə bilər, buna görə tərəflər şəffaflığı təmin etməli və səylərini nümayiş etdirməlidir. Bu ilin sonuna qədər tərəflər istixana qazlarının (GHG) inventarizasiyası, təsirlərin azaldılması və uyğunlaşma üzrə tərəqqi, eləcə də maliyyələşdirmə və dəstək vəziyyəti haqqında məlumatları özündə əks etdirən İkiillik Şəffaflıq Hesabatlarını (BTR) təqdim etməlidirlər. Bu hesabatlar Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və qlobal icmallarla birlikdə Paris Sazişinin üç əsas komponentinin yerinə yetirilməsini təmin edəcək".
Əlavə olaraq ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz bildirib ki, ABŞ Paris Sazişi çərçivəsində hesabatlılıq üzrə öhdəliklərini bu ilin sonuna qədər yerinə yetirəcək.
"Şəffaflıq iqlim səylərinin əsasını təşkil edir, çünki o, həm fərdi, həm də kollektiv tərəqqini qiymətləndirməyə, əlavə tədbirlər tələb olunan sahələri müəyyən etməyə və bütün ölkələrin hesabatlılığını dəstəkləməyə imkan verir. Şəffaflıq yalnız cari vəziyyəti anlamağa deyil, həm də iqlim hədəflərinə nail olmaq üçün məqsədyönlü tədbirlərin görülməsinə təkan verir", - deyə o vurğulayıb.
Daha sonra Cənubi Afrikanın ətraf mühit, meşə təsərrüfatı və balıqçılıq naziri Dion Corc qeyd edib ki, Cənubi Afrika Təkmilləşdirilmiş Şəffaflıq Sistemi (ETF) çərçivəsində fəal şəkildə çalışır və iqlim öhdəliklərinin yerinə yetirilməsini davam etdirir.
Onun sözlərinə görə, Cənubi Afrika BMT-yə və Hökumətlərarası İqlim Dəyişiklikləri Panelinə (IPCC) 3 milli kommunikasiya, 5 İkiillik Şəffaflıq Hesabatı (BTR) və 7 milli inventarizasiya hesabatı təqdim edib. 2023-cü ildə son hesabat versiyası təqdim edilib, bu il isə ölkə 4-cü milli kommunikasiya və ilk şəffaflıq hesabatını təqdim etməyi planlaşdırır.
Sinqapurun davamlı inkişaf və ətraf mühit naziri Qreys Fu isə öz növbəsində bildirib ki, Sinqapur Bakı Qlobal İqlim Şəffaflığı Platformasına dəstəyini ifadə edir.
"Biz COP29 prezidentliyinin iqlim şəffaflığını bu konfransın əsas prioriteti etməsindən məmnunuq və Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınmasını dəstəklədiyimizi ifadə etmək istəyirik. Bu platforma şəffaflığın qarşılıqlı etimadın gücləndirilməsi və qlobal iqlim tədbirlərində beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsində oynadığı mühüm rolu vurğulayır", - deyə o bildirib.
Sonra Qırğızıstanın baş nazirinin müavini Edil Baysalov çıxış edərək bildirib ki, Qırğızıstan yaxın aylarda beynəlxalq standartlara və kollektiv məqsədlərə uyğun ilk İkiillik Şəffaflıq Hesabatını təqdim edəcək.
Onun sözlərinə görə, Qırğızıstan 1990-cı ildən bəri istixana qazı emissiyalarını 40 faiz azaltmasına və qlobal emissiyalarda cəmi 0,03 faiz paya sahib olmasına baxmayaraq, iqlim şəffaflığı və tədbirləri sahəsində fəal işləməyə davam edir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.