Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində kompleks tədbirləri davam etdirir.
Trend xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, görülən tədbirlər, həmçinin bioloji təhlükəsizliyin təmin olunması üçün yaradılan mexanizmlərin etibarlılığını qəbul edərək ölkəmizin yüksək patogen quş qripindən azad olma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib və müvafiq məlumatlar təşkilatın rəsmi internet səhifəsində yayımlanıb. (https://www.woah.org/app/uploads/2024/11/2024-11-azerbaijan-hpai-selfd-a.pdf)
Qeyd edilib ki, son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində ciddi iş aparılır. Bu çərçivədə yüksək patogen quş qripindən azad olma statusunun təsdiqlənməsi ölkəmizdə bioloji təhlükəsizliyin qorunması, bu sahədə nəzarət və tənzimləmə sisteminin daha bir uğuru kimi qiymətləndirilə bilər. Belə ki, ÜHST tərəfindən xəstəlikdən azad olma statusunun təsdiq edilməsi ölkəmizdən quşçuluq məhsullarının ixracına olan ən böyük maneələrdən birinin götürülməsinə və quşçuluq sektoruna aid məhsulların ixracının asanlaşmasına səbəb olacaq.
Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün də təhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir. Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqları mövcuddur. Azərbaycanda mütəmadi olaraq epizootoloji monitorinqlərin aparılması və təhlükəli halların dərhal aşkarlanaraq adekvat tədbirlərin görülməsi, xüsusi təhlükə mənbəyi ola biləcək quş və quşçuluq məhsullarının ölkəmizə gətirilməsinin qarşısının alınması nəticəsində ölkəmizin bu xəstəlikdən qorunmasına nail olunub.