Bakı. Trend:
Şəffaflıq iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərimizin əsasını təşkil edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.
Onun sözlərinə görə, Paris Sazişi çərçivəsində təkmilləşdirilmiş şəffaflıq sistemi (ETF) ümumi məqsədlərə nail olunması istiqamətində irəliləyişin izlənilməsinə, etimad və inamın gücləndirilməsinə, həmçinin, daha sürətli tədbirlər tələb olunan sahələrin müəyyən edilməsinə imkan yaradır.
"Biz Təkmilləşdirilmiş Şəffaflıq Sisteminin (ETF) tətbiqi üçün həlledici bir mərhələdəyik. Bu ilin sonuna qədər ilk İkiillik Şəffaflıq Hesabatlarının (BTR) təqdim edilmə müddəti başa çatır. BTR-in imzalanması ETF sisteminin istifadəsi və səmərəli tətbiqi üçün mühüm addımdır", - deyə Y.Rəfiyev vurğulayıb.
O, artıq öz hesabatlarını təqdim etmiş ölkələrə təşəkkür edib və bu mühüm anı qeyd etmək üçün onlara "BTR çempionları" sertifikatlarının təqdim olunmasını təklif edib.
"Biz ölkələrin davam edən səylərini və hesabatların vaxtında təqdim edilməsinə sadiqliklərini alqışlayırıq və bütün tərəfləri hesabatlarını 31 dekabr 2024-cü ilə qədər təqdim etmək üçün fəal işləməyə çağırırıq", - deyə o bildirib.
Nazir müavini vurğulayıb ki, Azərbaycan öz prezidentliyi çərçivəsində inkişaf etməkdə olan ölkələrə hesabatların hazırlanması və vaxtında tamamlanmasında dəstək göstərməyə çalışır. Bunun üçün Bakıda İqlim Şəffaflığı Platforması yaradılıb ki, bu da ETF sisteminin effektiv tətbiqinə töhfə vermək üçün mühüm addımdır.
Bu təşəbbüs qarşılıqlı etimadın gücləndirilməsinə, inkişaf etməkdə olan ölkələrə hesabatların hazırlanmasında və təqdim edilməsində dəstək göstərilməsinə, eləcə də, iş prosesində əldə edilən təcrübə və dərslərin paylaşılmasına yönəlib.
"Əminik ki, bu platforma vasitəsilə əməkdaşlıq ölkələrin şəffaflıq sahəsindəki səylərini gücləndirəcək, Paris Sazişi çərçivəsində öhdəliklərin daha səmərəli yerinə yetirilməsini təmin edəcək və iqlim hədəflərimizə çatmaq üçün möhkəm zəmin yaradacaq", - deyə Y.Rəfiyev əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.