Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, ABŞ və Ukrayna arasında Qara dənizlə bağlı razılaşmaları alqışlayıb.
Trend xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunub ki, mülki gəmilərin və liman infrastrukturunun mühafizəsi üçün Qara dənizdə naviqasiya azadlığına dair sazişin bağlanması qlobal ərzaq təhlükəsizliyi və təchizat zəncirinə mühüm töhfə verəcək.
Düjarrik, Baş katibin bütün sülh təşəbbüslərini dəstəkləmək üçün vasitəçilik etməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Quterreş ümid edir ki, bu cür səylər davamlı atəşkəsə gətirib çıxaracaq və Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhün bərqərar olmasına töhfə verəcək.
Qeyd edək ki, martın 25-də ABŞ və Rusiya Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək, güc tətbiqini aradan qaldırmaq və hərbi məqsədlər üçün ticarət gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər.