Bakı. Trend:
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhd ittihamı ilə məhkəməyə çıxarılacaq.
Trend xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi 26 mart tarixli iclasda qərar qəbul edib. Hakimlər, prokurorluq tərəfindən irəli sürülmüş ittihamların cinayət prosesinin başlanması üçün kifayət qədər əsas olub-olmadığını müzakirə edərək yekdilliklə müsbət cavaba gəliblər.
Bolsonarunun yanında, 30-dan çox şəxs də ittiham aktında yer alıb və onlar müttəhimlər sırasına daxil edilib.
Braziliyanın keçmiş prezidenti 2022-ci ilin oktyabr ayında seçkilərdə məğlub olmuşdu. Yeni prezident Lula da Silvanın andiçmə mərasimindən bir həftə sonra, Bolsonarunun tərəfdarları ölkənin parlament və Ali Məhkəmə binalarına, həmçinin prezident sarayına hücum edərək iğtişaşlar törətmişdilər. Bu hadisələr nəticəsində yüzlərlə insan saxlanılmışdı.
Polisin versiyasına görə, Bolsonaro çevriliş cəhdinin planlaşdırılması və təşkilində əsas rol oynamışdır. Lakin keçmiş prezident ittihamları rədd edərək, təqibini siyasi motivli adlandırıb.
2023-cü ilin iyununda məhkəmə Bolsonaroya səkkiz il müddətinə seçkili vəzifələrə namizədliyini irəli sürmək hüququnu qadağan etmişdi.