Bakı. Trend:
Kosmik məkan bir sıra ölkələrin milli maraqları üçün getdikcə daha vacib hala gəlir. Bu isə gələcəkdə münaqişə və böhranlara səbəb ola biləcək gərginliyin artmasına gətirib çıxaracaq.
Trend xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin komandanı, general Çens Zaltsman Mitçell adına Aerokosmik Tədqiqatlar İnstitutunun təşkil etdiyi seminarda bildirib.
“Kosmos bir çox ölkələrin milli maraqları üçün getdikcə daha əhəmiyyətli olur. Bu da [ABŞ-nin] qarşılaşmalı olacağı gərginlik, münaqişə və böhranları artıracaq”, – o qeyd edib.
Zaltsmanın sözlərinə görə, Birləşmiş Ştatlar bu çağırışlara hazır olmalıdır.
“Hesab edirəm ki, biz elə bir trayektoriyadayıq ki, kosmik məkan gələcəkdə hərbi əməliyyatların mühüm bir hissəsinə çevriləcək. Buna görə də ABŞ Kosmik Qüvvələrinin bu çağırışlarla üzləşməyə hazır olmasını təmin etməliyik”, – Pentaqon rəsmisi vurğulayıb.