Bakı. Trend:
ABŞ və Rusiya arasında Qara dənizdə atəşkəslə bağlı əldə olunmuş razılaşmanın müddəalarından biri də Rusiya banklarının beynəlxalq SWIFT sisteminə qaytarılmasıdır.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) – beynəlxalq banklararası maliyyə telekommunikasiya sistemidir və qlobal miqyasda təhlükəsiz ödəniş mesajlaşmasını təmin edir. Bu sistem vasitəsilə banklar və maliyyə institutları arasında sürətli və etibarlı pul köçürmələri həyata keçirilir.
İlk növbədə sistemə Rusiyanın “Rosselxozbank”nın qoşulacağı bildirilir.
Kreml bəyan edib ki, razılaşmanın 1-ci və 2-ci bəndləri yalnız Rosselxozbank və Rusiyanın digər maliyyə təşkilatlarına qarşı tətbiq olunmuş beynəlxalq ticarət əməliyyatları ilə bağlı sanksiya məhdudiyyətlərinin ləğv edilməsi və onların yenidən SWIFT sisteminə qoşularaq, müvafiq müxbir hesabların açılmasından sonra qüvvəyə minəcək.
Qeyd edək ki, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar 23-24 mart tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib.