...

2030-cu ilə qədər istixana qazı emissiyaları 42 faiz azaldılmalıdır - UNEP

İqtisadiyyat Materials 18 Noyabr 2024 09:44 (UTC +04:00)
2030-cu ilə qədər istixana qazı emissiyaları 42 faiz azaldılmalıdır - UNEP
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilə qədər istixana qazı emissiyaları 42 faiz azaldılmalıdır.

Trend xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

"2023-cü ildə qlobal karbon dioksid emissiyaları çoxsaylı beynəlxalq öhdəliklərə baxmayaraq, 1,3 faiz artıb. 2035-ci ilə qədər istixana qazı emissiyalarını 57 faiz azaltmaqla böyük irəliləyiş əldə etmək imkanımız var. Bu, genişmiqyaslı bir çağırışdır, lakin mümkündür. Əgər buna nail ola bilməsək, nəticələr fəlakətli olacaq", - deyə İ.Andersen vurğulayıb.

Onun sözlərinə görə, bəşəriyyət iqlim dəyişiklikləri ilə mübarizədə yanlış istiqamətdə hərəkət etməyə davam edir.

"Emissiyaların azaldılması günəş və külək enerjisindən istifadəni artırmaq, meşələrin qırılmasını azaltmaq, meşə sahələrini bərpa etmək və idarə etmək, metan emissiyalarının azaldılması strategiyalarını həyata keçirmək və dövri iqtisadiyyat prinsiplərini tətbiq etməklə mümkündür", - deyə o qeyd edib.

İnqer Andersen qlobal səfərbərlik üçün məhz bu vaxtın ən doğru zaman olduğunu vurğulayıb.

"Bizə konkret sektoral və milli hədəfləri, real keçid yollarını, siyasətləri və maliyyələşdirməni nəzərdə tutan yeni öhdəliklər lazımdır. Bu tədbirlərin uğuru, verilmiş vədlərin yerinə yetirilməsinin izlənməsinə imkan verən tam şəffaflıqdan asılıdır", - İnqer Andersen deyib.

O, Paris Sazişi çərçivəsindəki Şəffaflıq Sistemi haqqında razılaşmanın iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişin dəqiq məlumatlarla təmin edilməsi və etimadın yaradılmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti