Bakı. Trend:
Malayziya 2050-ci ilə qədər enerji istehlakında bərpa olunan enerji mənbələrinin (BEM) 70 faiz payına çatmağı qarşısına məqsəd qoyub.
Trend xəbər verir ki, bu barədə Malayziyanın təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Nik Nazmi Bin Nik Əhməd COP29 çərçivəsində keçirilən "Sənaye və energetikanın qlobal dekarbonizasiyasının sürətləndirilməsi – iqtisadiyyatın modernləşdirilməsi və inkişaf proqramı" mövzusunda panel müzakirə zamanı bildirib.
"Bu il biz daha iddialı iqlim məqsədimizi elan etdik — 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq. Malayziya kimi nisbətən gənc sənaye ölkəsi üçün bu, siyasət və iqtisadi strukturlarda əhəmiyyətli dəyişikliklər tələb edən çətin bir tapşırıqdır. Bununla belə, biz Cənub-Şərqi Asiya regionu üçün ambisiyalar mayakı olmağa çalışırıq. Bu region iqlim dəyişikliklərinə qarşı xüsusilə həssasdır və biz öz töhfəmizi vermək istəyirik.
Əsas addımlarımızdan biri karbon neytrallığına nail olmaq yolunda dəqiq bir öhdəlikdir. Hazırda enerji sistemimizdə bərpa olunan enerjinin payı 25 faiz təşkil edir, lakin 2050-ci ilə qədər bu rəqəmi 70 faizə çatdırmağı hədəfləyirik", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.