...

COP29 çərçivəsində nazirlərin iştirakı ilə təhsilin ekoloji istiqamətə yönəldilməsi mövzusunda "dəyirmi masa" keçirilir

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 14:34 (UTC +04:00)
COP29 çərçivəsində nazirlərin iştirakı ilə təhsilin ekoloji istiqamətə yönəldilməsi mövzusunda "dəyirmi masa" keçirilir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində nazirlərin iştirakı ilə təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması mövzusunda "dəyirmi masa" keçirilir.

Trend xəbər verir ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı çıxış edib.

O bildirib ki, COP29-un sədri kimi Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) çərçivəsində ölçülə bilən komponent kimi daxil edilməsini təklif edir.

"Təhsil yalnız anlamağa aparan yol deyil, həm də mühüm dəyişikliklərin və dayanıqlığın möhkəmləndirilməsi üçün bir mexanizmdir. Biz UNESCO, OECD və “Təhsilin Ekoloji İstiqamətə Yönəldilməsi üzrə Tərəfdaşlıq” kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıqdan qürur duyuruq.

UNESCO-nun təhsil sistemlərinin ekoloji istiqamətə yönəldilməsi, o cümlədən, tədris proqramlarının və məktəblərin ekoloji istiqamətdə dəyişdirilməsi üzrə geniş təşəbbüsü bütün səviyyələrdə iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın artırılmasına kömək edir. Təhsilin Ekoloji İstiqamətə Yönəldilməsi üzrə Tərəfdaşlığın illik görüşü daha dayanıqlı və iqlimə uyğun təhsil sistemlərinin yaradılması üçün ümumi səylərimizin bariz nümunəsidir.

COP29-un sədri olaraq, biz iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın PISA qiymətləndirmələrində ölçülə bilən komponent kimi daxil edilməsini təklif edirik. Bu layihə yalnız şagirdlərin biliklərini ölçməkdən kənara çıxır. O, bizə şagirdlərin iqlim problemləri kontekstində nə qədər məlumatlı və bu problemlərlə necə qarşılıqlı əlaqədə olduqlarını başa düşməyə kömək edəcək. Bu məlumatlardan istifadə edərək, gəncləri gələcək çağırışlara hazırlayan daha effektiv siyasət və tədris strategiyaları hazırlaya biləcəyik.

PISA platforması artıq etibarlı bir dünya standartıdır və iqlim savadlılığına yeni vurğu dünya üzrə dəyişikliklərə səbəb ola bilər", - deyə o qeyd edib.

Daha sonra Türkiyənin təhsil naziri Yusuf Tekin COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı qeyd edib ki, Türkiyə "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyən, "yaşıl" məşğulluq imkanları yaradan və ətraf mühitə həssas sektorlarda işçi qüvvəsinin ixtisasını artıran təhsil strategiyası hazırlayıb.

"Biz Türkiyədə bu iclasın mövzularını təhsil sistemimizə inteqrasiya etmək üçün səy göstəririk. Ötən il beynəlxalq hesabatlara və göstəricilərə əsaslanaraq təhsil proqramlarımızda bir sıra dəyişikliklər etdik. Bu dəyişikliklərin ən önəmlisi, iqlim dəyişikliyi problemi üzərində xüsusi vurğu edərək, ətraf mühiti qoruya biləcək bir nəsil yetişdirmək istəyimiz oldu. Tədris proqramlarımızın və dərslərimizin məzmununa insanlığın fundamental dəyərlərini və nailiyyətlərini qorumağın vacibliyini vurğulayan ideyaları daxil etdik ki, uşaqlar bu məsələlərə qarşı həssas və məlumatlı olsunlar", - deyə o bildirib.

Öz növbəsində ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı əlavə edib ki, ICESCO Greening Education və UNESCO ilə əməkdaşlıqda "yaşıl" təhsil sahəsində irəliləyişləri izləmək üçün qlobal monitorinq paneli hazırlayır.

"“Greening Education” tərəfdaşlığı və UNESCO ilə əməkdaşlıqda ICESCO-nun "yaşıl" təhsil sahəsində irəliləyişləri izləmək üçün qlobal monitorinq paneli hazırladığını elan etmək mənim üçün böyük şərəfdir. Bu panelin növbəti il COP30 çərçivəsində istifadəyə verilməsi planlaşdırılır.

Dünya üzrə əlçatan olacaq bu rəqəmsal panel hökumətlərə və siyasətçilərə 2030-cu il hədəflərinə nail olmaq və daha da inkişaf etmək üçün effektiv planlama və qərar qəbul etmə imkanı verəcək. Birlikdə çalışaraq, biliklərimizi paylaşaraq və bir-birimizi dəstəkləyərək, həqiqətən dayanıqlı və inklüziv bir təhsil sistemi yarada bilərik. ICESCO bu yolda iştirak etməyə və bu vizyonu həyata keçirmək üçün sizinlə əməkdaşlığa hazırdır", - deyə o vurğulayıb.

Bundan başqa, UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı deyib ki, Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) uşaqların ehtiyaclarını nəzərə alması və sosial xidmətlərə fokuslanması zəruridir.

"Aydındır ki, iqlim mövzusu məktəb proqramlarına inteqrasiya edilməlidir. Bunu yalnız təhsil nazirləri və ya UNICEF kimi təşkilatlar tələb etmir, bu, Paris Sazişini imzalayan bütün ölkələrin öhdəliyidir. Bu sazişin 12-ci maddəsi kifayət qədər aydın göstərir.

Orta təhsillə yanaşı, gənclərin iqlim problemlərinin həllində iştirakını təmin edəcək praktik peşə bacarıqlarına da diqqət yetirilməlidir. Gənclər əllərini yanına salıb oturmaq istəmirlər, onlar işləmək və qaçılmaz reallığa çevrilən "yaşıl" iqtisadiyyatın bir hissəsi olmaq istəyirlər. Məhz bu istiqamətə iqlim investisiyaları yönəlməlidir.

Hal-hazırda iqlim investisiyalarının yalnız 2,4 faizi uşaqların maraqlarını müəyyən dərəcədə nəzərə alır. Bütün ölkələr, o cümlədən təhsil nazirləri, NCQG-nin uşaqların ehtiyaclarını nəzərə alması və onların asılı olduğu sosial xidmətlərə fokuslanmasını təmin etmək üçün təkid etməlidirlər. Əks halda biz yalnız danışacağıq, amma konkret addımlar atmayacağıq", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti