Bakı. Trend:
Türkiyə "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyən, "yaşıl" məşğulluq imkanları yaradan və ətraf mühitə həssas sektorlarda işçi qüvvəsinin ixtisasını artıran təhsil strategiyası hazırlayıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı bildirib.
"Biz Türkiyədə bu iclasın mövzularını təhsil sistemimizə inteqrasiya etmək üçün səy göstəririk. Ötən il beynəlxalq hesabatlara və göstəricilərə əsaslanaraq təhsil proqramlarımızda bir sıra dəyişikliklər etdik. Bu dəyişikliklərin ən önəmlisi, iqlim dəyişikliyi problemi üzərində xüsusi vurğu edərək, ətraf mühiti qoruya biləcək bir nəsil yetişdirmək istəyimiz oldu. Tədris proqramlarımızın və dərslərimizin məzmununa insanlığın fundamental dəyərlərini və nailiyyətlərini qorumağın vacibliyini vurğulayan ideyaları daxil etdik ki, uşaqlar bu məsələlərə qarşı həssas və məlumatlı olsunlar", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Türkiyənin təhsil proqramlarına iqlim dəyişikliyinə dayanıqlılıq və davamlı inkişaf baxımından etdiyi dəyişikliklər xüsusilə vacibdir.
"Bundan əlavə, biz bütün məktəblilər üçün "İqlim, ətraf mühit və innovativ həllər" adlı məcburi bir kurs proqramımıza daxil etdik. Bu kurs çərçivəsində uşaqlar bu məsələlərin əhəmiyyətini dərk etməklə yanaşı, onları qorumaq üçün innovativ həllər hazırlamağı da öyrənirlər. Kursun mövzuları arasında ekoloji təhsil, "yaşıl" texnologiyalar, ekoloji həllər və innovativ yanaşmalar yer alır.
Bununla yanaşı, biz qadınların və uşaqların tədris prosesində iştirakını təmin edəcək formullar hazırlamağa çalışdıq, çünki onların iqlim dəyişikliyinə dayanıqlılığı artırmaqda aktiv rolu bu prosesin uğuru üçün vacibdir.
Eyni zamanda, biz "yaşıl" iqtisadiyyata keçidi dəstəkləyən, "yaşıl" məşğulluq imkanları yaradan və ətraf mühitə həssas sektorlarda işçi qüvvəsinin ixtisasını artıran təhsil strategiyası hazırladıq. Rəqəmsal təhsil çərçivəsində biz rəqəmsal transformasiya və məsafədən təhsilə də xüsusi önəm verdik ki, bu da təhsil modelimizin mühüm bir hissəsinə çevrilib", - deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.