Bakı. Trend:
Şəffaflıq, inklüzivlik və təcililik COP29-un uğurunun təmin olunması üçün əsas prinsiplər olaraq qalır.
Trend xəbər verir ki, bu barədə Köməkçi icra orqanının (SBI) sədri Nabil Munir COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Konfransın ilk həftəsi ilə bağlı bir neçə qısa fikir paylaşmaq istəyirəm. Keçən həftə danışıqlarda əldə olunan irəliləyişi və nəticələrə nail olmaq üçün göstərilən səyləri görmək sevindirici idi. Bu, tərəflərin davamlı gələcəyin təmin olunması üçün ümumi məqsəd uğrunda əməkdaşlıq etdiyini nümayiş etdirir", - deyə N.Munir qeyd edib.
Onun sözlərinə görə, iqlim hazırlığı üçün gənclərin potensialının artırılması, texnologiyalar və ən az inkişaf etmiş ölkələrlə bağlı məsələlərdə də irəliləyiş əldə olunub. Lakin iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, ədalətli keçid proqramları, qlobal uyğunlaşma hədəfi, reaksiya tədbirləri və iqlim maliyyələşməsi kimi kritik həll olunmamış məsələlərin həlli üçün əhəmiyyətli səylər tələb olunur.
N.Munir qarşıdakı həftənin məqsədinin balanslı və iddialı nəticəyə nail olmaq olduğunu vurğulayıb.
"Burada qəbul edilən hər qərar, verilən hər vəd və gücləndirilən hər öhdəlik səpilən toxumlardır. Tərəfləri iddialı nəticələrə nail olmaq üçün birlikdə çalışmağa çağırıram", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.