...

Yeni Kollektiv Kəmiyyət Hədəfi uşaqların ehtiyaclarını nəzərə almalıdır - UNICEF

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 16:00 (UTC +04:00)
Yeni Kollektiv Kəmiyyət Hədəfi uşaqların ehtiyaclarını nəzərə almalıdır - UNICEF
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) uşaqların ehtiyaclarını nəzərə alması və sosial xidmətlərə fokuslanması zəruridir.

Trend xəbər verir ki, bu barədə UNICEF-in icraçı direktorunun müavini Kitti van der Heyden COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı bildirib.

"Aydındır ki, iqlim mövzusu məktəb proqramlarına inteqrasiya edilməlidir. Bunu yalnız təhsil nazirləri və ya UNICEF kimi təşkilatlar tələb etmir, bu, Paris Sazişini imzalayan bütün ölkələrin öhdəliyidir. Bu sazişin 12-ci maddəsi kifayət qədər aydın göstərir.

Orta təhsillə yanaşı, gənclərin iqlim problemlərinin həllində iştirakını təmin edəcək praktik peşə bacarıqlarına da diqqət yetirilməlidir. Gənclər əllərini yanına salıb oturmaq istəmirlər, onlar işləmək və qaçılmaz reallığa çevrilən "yaşıl" iqtisadiyyatın bir hissəsi olmaq istəyirlər. Məhz bu istiqamətə iqlim investisiyaları yönəlməlidir.

Hal-hazırda iqlim investisiyalarının yalnız 2,4 faizi uşaqların maraqlarını müəyyən dərəcədə nəzərə alır. Bütün ölkələr, o cümlədən təhsil nazirləri, NCQG-nin uşaqların ehtiyaclarını nəzərə alması və onların asılı olduğu sosial xidmətlərə fokuslanmasını təmin etmək üçün təkid etməlidirlər. Əks halda biz yalnız danışacağıq, amma konkret addımlar atmayacağıq", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti