...

Bu gün İqlim və Sağlamlıq üzrə Bakı COP Prezidentliyi Davamlılıq Koalisiyasının yaradılması ilə bağlı Niyyət Məktubunu imzalayacağıq - Nazir

Cəmiyyət Materials 18 Noyabr 2024 14:47 (UTC +04:00)
Bu gün İqlim və Sağlamlıq üzrə Bakı COP Prezidentliyi Davamlılıq Koalisiyasının yaradılması ilə bağlı Niyyət Məktubunu imzalayacağıq - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un ev sahibi kimi Azərbaycan iqlim və sağlamlığın kəsişməsində irəliləyişlərə dərindən sadiqdir.

Trend xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən İqlim və Sağlamlıq üzrə Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsirləri artıq dünyanın hər yerində hiss olunur.

“Bu təsirlər təkcə insanların rifahını deyil, həm də səhiyyə sistemlərimizi, xüsusən də aşağı və orta gəlirli ölkələrdə davamlılığı təhdid edir. Bu gün biz bu çağırışlarla mübarizə aparmaq üçün kollektiv öhdəliyimizdə irəliyə doğru mühüm addım atırıq.

Bu gün İqlim və Sağlamlıq üzrə Bakı COP Prezidentliyi Davamlılıq Koalisiyasının yaradılması ilə bağlı Niyyət Məktubunu imzalayacağıq. Azərbaycanın dəyərli tərəfdaşlarımız - Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə birgə rəhbərlik etdiyi bu koalisiya misli görünməmiş beynəlxalq əməkdaşlığı təmsil edir.

Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə biz iqlim dəyişikliyi və sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyə sadiqik. Yeni koalisiyamız səyləri gücləndirmək, onların təsirini maksimum dərəcədə artırmaq və hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektordan maraqlı tərəfləri bir araya gətirmək üçün lazım olan davamlılığı və platformanı təmin edəcək”, - deyə T.Musayev bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti