Bakı. Trend:
Amerika Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova yenidən ABŞ-nin Prezidenti seçilməsi münasibətilə Donald Trampa təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, məktubda Donald Trampın qələbəsinin onun siyasi baxışına, xalq üçün etdiklərinə və edəcəklərinə inamın bariz təzahürü olduğu göstərilib.
İcmanın ABŞ-nin davamlı uğurlarına töhfə verməkdən, elm, texnologiya, təhsil, biznes və digər sahələrdəki fəaliyyətləri ilə ölkənin davamlı inkişafında fəal rol oynamaqdan məmnun olduqları vurğulanıb.
Birləşmiş Ştatlarla Azərbaycan arasında davamlı və sabit əlaqələrin bir çox sahələr üzrə davam etdiyi və azərbaycanlıların bu əməkdaşlığın daha böyük zirvələrə çatmasına səy göstərəcəyi qeyd olunub.
Müraciətdə əlavə olaraq ABŞ-nin bir hissəsi kimi icmanın hər iki xalqı birləşdirən sülh, demokratiya, qarşılıqlı hörmət ideallarına sadiq qaldığı, gələcəkdə də daha böyük tərəfdaşlığa ümid bəslədiyi bildirilib və ortaq uğurlara imza atacaqlarına inam ifadə edilib.