...

Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın beynəlxalq PISA proqramına daxil edilməsini təklif edir - Nazir

Yaşıl iqtisadiyyat Materials 18 Noyabr 2024 14:47 (UTC +04:00)
Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın beynəlxalq PISA proqramına daxil edilməsini təklif edir - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un sədri kimi Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) çərçivəsində ölçülə bilən komponent kimi daxil edilməsini təklif edir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətə yönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusunda dəyirmi masa zamanı bildirib.

"Təhsil yalnız anlamağa aparan yol deyil, həm də mühüm dəyişikliklərin və dayanıqlığın möhkəmləndirilməsi üçün bir mexanizmdir. Biz UNESCO, OECD və “Təhsilin Ekoloji İstiqamətə Yönəldilməsi üzrə Tərəfdaşlıq” kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıqdan qürur duyuruq.

UNESCO-nun təhsil sistemlərinin ekoloji istiqamətə yönəldilməsi, o cümlədən, tədris proqramlarının və məktəblərin ekoloji istiqamətdə dəyişdirilməsi üzrə geniş təşəbbüsü bütün səviyyələrdə iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın artırılmasına kömək edir. Təhsilin Ekoloji İstiqamətə Yönəldilməsi üzrə Tərəfdaşlığın illik görüşü daha dayanıqlı və iqlimə uyğun təhsil sistemlərinin yaradılması üçün ümumi səylərimizin bariz nümunəsidir.

COP29-un sədri olaraq, biz iqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın PISA qiymətləndirmələrində ölçülə bilən komponent kimi daxil edilməsini təklif edirik. Bu layihə yalnız şagirdlərin biliklərini ölçməkdən kənara çıxır. O, bizə şagirdlərin iqlim problemləri kontekstində nə qədər məlumatlı və bu problemlərlə necə qarşılıqlı əlaqədə olduqlarını başa düşməyə kömək edəcək. Bu məlumatlardan istifadə edərək, gəncləri gələcək çağırışlara hazırlayan daha effektiv siyasət və tədris strategiyaları hazırlaya biləcəyik.

PISA platforması artıq etibarlı bir dünya standartıdır və iqlim savadlılığına yeni vurğu dünya üzrə dəyişikliklərə səbəb ola bilər", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti