Bakı. Trend:
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Slovakiyanın Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba ilə görüşüb.
Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ticarət, investisiya və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Görüşdə qarşılıqlı iqtisadi münasibətlərin uğurla inkişaf etdiyi və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edilib. İqtisadi əlaqələrin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması məqsədilə birgə fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb. Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun gündəliyindəki məsələlər müzakirə edilib.
Tərəflər ticarət, investisiya, energetika, o cümlədən bərpa olunan enerji sahələrində tərəfdaşlığın genişləndirilməsi, enerji keçidi və yaşıl enerji sektorlarında texnologiya və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar. Əməkdaşlıq potensialının reallaşdırılmasının ölkələrimizin iqtisadi inkişafı üçün geniş perspektivlər vəd etdiyi vurğulanıb.