Bakı. Trend:
Braziliyanın təşəbbüsü ilə təsis edilən Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansa artıq 81 ölkə üzv olub.
Trend xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Rio-de-Janeyroda keçirilən “İyirmiliklər Qrupu”nun (G20) sammitinin açılışında çıxışı zamanı bildirib.
“Hal-hazırda alyansa 81 ölkə, 26 beynəlxalq təşkilat, 9 maliyyə institutu, eləcə də 31 qeyri-hökumət və xeyriyyə təşkilatı qoşulub,” - deyə prezident vurğulayıb.
Alyansın mətbuat xidmətinin yaydığı məlumata görə, üzvlər arasında Rusiya, Çin, ABŞ, Afrika İttifaqı və Avropa İttifaqı da yer alır. Bununla yanaşı, saat 10:00-a (Bakı vaxtı ilə 17:00) olan məlumatlara əsasən, Argentina G20 ölkələri siyahısında qeyd olunmayıb.
Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyans, bu il G20-yə sədrliyi həyata keçirən Braziliyanın əsas təşəbbüsü hesab olunur. Alyansın əsas məqsədi, dünyada yoxsulluğun və aclığın azaldılmasına töhfə verən uğurlu dövlət siyasətini və müasir texnologiyaları bir platformada birləşdirərək onların geniş tətbiqini təşviq etməkdir.