...

İyunda FİM Bank-ın işi üzrə son qərar qəbul olunacaq

Telekommunikasiya Materials 20 Fevral 2006 16:33 (UTC +04:00)

Azərbaycanın Rabitə nazirliyi və Poçtbank KB-nin zəmanəti ilə nazirliyin mövcud olmayan müəssisələrinə ayırdığı kreditin ödənilməməsi ilə bağlı hökumətə qarşı iddia irəli sürmüş Maltanın First International Merchant Bank-nın (FimBank) məhkəmə işi üzrə son qərar iyunda qəbul olunacaq. Trend in xəbər verdiyi kimi, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin təqdim etdiyi sənədlərə qarşı cavab sənədləri hazırlamaq üçün FİM Banka artıq sonuncu dəfə olaraq 6 həftəlik möhlət verilib.

Məhkəmənin Azərbaycan hökumətinin xeyrinə qərar çıxardığı təqdirdə bank tərəfindən cərimənin ödənilməsi ilə bağlı məsələyə gəlincə o bildirib ki, bu istisna olunmur.

"Əgər söhbət Azərbaycanın nüfuzundan gedirsə, o zaman bu məsələ razılaşdırılacaq. Sonda bankın qarşısına ölkə hökumətindən rəsmən üzr istəmək tələbi qoyulacaq" - deyə Ə.Abbasov vurğulayıb.

Qeyd edək ki, sonuncu dəfə Rotterdam dairə məhkəməsinin iclası fevralın 14-də keçirilməli idi, lakin müvafiq sənədlərin hazırlanması üçün möhlətin verilməsi ilə bağlı iddiaçının müraciəti əsasında iclasın martın 29-da keçirilməsinə dair qərar qəbul olunub.

Fimbank-ın saxta sənədlər əsasında nazirliyin mövcud olmayan Aztell və Baktell şirkətləri üçün verdiyi kreditin məbləği $ 3 035000 və $1 560000 təşkil edib.

Xəbər lenti

Xəbər lenti