...

Bakıda 20 ölkənin gənc şairələrinin forumu keçirilir (FOTO)

Mədəniyyət Materials 27 Aprel 2013 13:14 (UTC +04:00)
Bu gün Bakıda Beynəlxalq Muğam Mərkəzində "Gənc şairələrin beynəlxalq forumu" öz işinə başlayıb.
Bakıda 20 ölkənin gənc şairələrinin forumu keçirilir (FOTO)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Bu gün Bakıda Beynəlxalq Muğam Mərkəzində "Gənc şairələrin beynəlxalq forumu" öz işinə başlayıb.

Trend-in məlumatına görə, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən foruma 20 ölkənin gənc şairələri qatılıb.

Forumun təntənəli açılış mərasimində Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, toplantı Azərbaycan və digər ölkələrin şairələrinin yaradıcılıq mübadiləsi aparması üçün gözəl imkan yaradır. O bu forumun mütəmadi xarakter alaraq gənc şairələrin şəbəkəsinin yaradılmasında vacibliyini qeyd edib.

Öz növbəsində, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəşad Məcid qeyd edib ki, poeziya ruh məsələsidir: "Şairələrin ruhunu əzmək, onlara qalib gəlmək çətindir. Forum da 20 ölkədən belə ruha malik şəxsləri toplayıb".

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev açılış mərasimində bildirib ki, hər bir millətin ən böyük xəzinəsi onun mədəniyyətidir. Onun sözlərinə görə, forum müxtəlif ölkələrin mədəniyyətlərinin qovuşmasına şərait yaradacaq.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov bildirib ki, Bakıda keçirilən forum müxtəlif ölkələrin gənc şairələrinin ilk toplantısıdır. O qeyd edib ki, forumun yekununda Bakı bəyannaməsi qəbul olunacaq və sənəddə 20 ölkədən şairələrin dünya ictimaiyyətinə müraciəti öz əksini tapacaq. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş forumun əsas məqsədi müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti