...

Son 9 ay ərzində Azərbaycan mühüm uğurlara nail olub - Deputat

Siyasət Materials 26 Aprel 2024 15:00 (UTC +04:00)
Son 9 ay ərzində Azərbaycan mühüm uğurlara nail olub - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son 9 ay ərzində Azərbaycan mühüm uğurlara nail olub. Ötən ilin sentyabr ayında birgünlük lokal antiterorr tədbirləri nəticəsində Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi və tarixi uğura imza atdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu müddət ərzində işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri sürətlə davam etdirilib, o cümlədən bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır.

“Xeyli sayda həmvətənimiz öz doğma torpaqlarına geri dönüb və bu proses davam etməkdədir. 2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır”, - deyə deputat bildirib.

O qeyd edib ki, digər mühüm bir məqam isə Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini vaxtından tez tərk etməsidir.

“Əlbəttə ki, bu məsələ özündə bir sıra müsbət məqamları ehtiva edir. Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisində bütün separatçıları zərərsizləşdirdi və qanunsuz erməni silahlı dəstələri ərazilərimizdən tam çıxarıldı. Artıq həmin ərazilərdə təhlükəsizlik Azərbaycan tərəfindən yüksək səviyyədə təmin edilir.

Proseslər onu göstərdi ki, Azərbaycan özü təhlükəsizliyi təmin edir və regionda sülhün bərqərar olması üçün üzərinə düşən bütün addımları atır. Belə olan halda isə sülhməramlıların fəaliyyətinə gərək qalmır. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi, eyni zamanda, Azərbaycanla Rusiya arasında qarşılıqlı etimadın, hörmətin və ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın əldə etdiyi ən mühüm uğurlardan biri də bir Qazaxın işğal altında olan bir neçə kəndinin geri qaytarılmasıdır.

“Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldə olunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycana qaytarılmasını təmin etmişdi. 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda suverenliyinin yekun bərpası, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi və 4 kəndin qan tökülmədən geri qaytarılması ötən müddət ərzində əldə olunan mühüm nailiyyətlərdir. İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni zirvələr fəth edəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti