Bakı. Trend:
25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Beynəlxalq İmmunlaşdırma Həftəsi”nə həsr edilmiş “Peyvənd həyat qurtarır” şüarı altında “Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda seminar keçirilib.
Seminarın açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Azərbaycan Könüllü Təşkilatları İttifaqının Baş katibi Vüqar Əliyev və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Sosial Layihələr və Motivasiya şöbəsinin inspektoru Fidan Salixova çıxış ediblər.
Rəis müavini İsmayıl Əfəndiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun və öz adından tədbir iştirakçılarını salamlayıb, bugünkü seminarın vaksinasiyaya və peyvəndlərə dair aktual məsələlərə həsr olunduğunu bildirib. O, müxtəlif dövrlərdə insanların müxtəlif xəstəliklərə qarşı vaksinasiyasından danışaraq, qeyd edib ki, hələ ötən əsrin 60-70-ci illərində uşaqlara təbii çiçək xəstəliyinə qarşı peyvəndlər vurulurdu. Təbii çiçək xəstəliyindən minlərlə, milyonlarla insanlar dünyasını dəyişirdi. Artıq o xəstəlik yoxdur və o virus dünyanın bir neçə laboratoriyasında yaşayır.
İsmayıl Əfəndiyev insanların ölümünə səbəb olan ağır xəstəliklərdən biri olan poliomielit və qızılca xəstəliklərindən danışıb, Azərbaycanda da bu xəstəliyin əsas səbəblərindən biri kimi uşaqların vaxtında vaksinasiya edilməməsini göstərib. O, çıxışında COVİD-19 pandemiyası dövründə də vaksinasiyanın əhəmiyyətindən danışaraq, məhz peyvəndlənmədən sonra insanların bu xəstəliyə qarşı immunitetlərinin möhkəmləndiyini və daha yüngül keçirməsini vurğulayıb. O, həmçinin, hazırda qrip xəstəliyinə qarşı da peyvəndlərin əhəmiyyətini qeyd edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan
Resursları İdarəsinin Sosial Layihələr və Motivasiya şöbəsinin
inspektoru Fidan Salixova tədbir iştirakçılarını salamlayaraq,
seminarda müzakirə olunan mövzuların hər bir iştirakçı üçün maraqlı
və yaddaqalan olacağına əminliyini bildirib.
Fidan Salıxova deyib: “Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin 1 fevral 2019-cu il tarixli Bakı Konqres Mərkəzində
Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında
bütün dövlət təşkilatlarına könüllüləri cəlb etmək, onların dövlət
qurumlarında, nazirliklərdə təcrübə keçməsi üçün çağırış etmiş,
bununla bağlı öz tövsiyələrini vermişdir. Möhtərəm cənab
prezidentimizin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, gömrük
sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək,
onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq,
cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətinə şərait
yaratmaq, onların yaradıcı və innovativ potensialını üzə çıxarmaq
və inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı
tədbirlər haqqında 6 mart 2019-cu il tarixli Sərəncam imzalanmış və
həmin Sərəncama müvafiq olaraq qurumumuzda könüllü gömrükçülər
dəstəsi yaradılmışdır. O dövrdən də qurumda 1979 nəfər könüllülər
dəstəsinə cəlb olunmuşdur, fəaliyyətini uğurla başa vurmuş 1463
könüllüyə qurumumuz tərəfindən sertifikatlat verilmişdir”.
Azərbaycan Könüllü Təşkilatları İttifaqının Baş katibi Vüqar Əliyev seminarın əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin gənclərin maarifləndirilməsində böyük töhfə olduğunu deyib. O, bildirib ki, Azərbaycanda könüllülər hərəkatı 2019-cu ildən vüsət almışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev gənclərlə görüşündə demişdir ki, Azərbaycanda ümumiyyətlə könüllülük fəaliyyəti bizə əcdadlarımızdan, dədə-babalarımızdan gəlib çatan bir mirasdır. Azərbaycan könüllüləri Azərbaycan xalqının ətrafında birləşərək, pandemiya dövründə uğurla fəaliyyət göstərmiş, daha sonra Vətən müharibəsində yaxından iştirak etmişlər, canları-qanları bahasına torpaqlarımızın azad olunmasında birbaşa ön cəbhədə döyüşmüşlər. Vüqar Əliyev tədbirdə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin moderatorluğu ilə keçirilən seminarda peyvəndlərlə qarşısı alına bilən xəstəliklər, peyvəndləmənin vacibliyi, o cümlədən peyvəndlərlə bağlı miflər barədə Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatın sonunda gənclər tərəfindən verilən suallar cavablandırılıb. Seminar xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, seminara paralel olaraq ərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən və distant şəkildə zoom platformasından canlı yayımlanıb. Naxçıvan Baş Gömrük İdarəsinin müvafiq struktur bölmələrində fəaliyyət göstərən könüllü gömrükçülərin də qoşulduğu zoom platformasında ümulikdə 200 nəfər gənc seminarı izləyib. Seminarda iştirak edərək proqramı tamamlayan gənclərə sertifikatlar verilib.