...

Akademik Milli Dram Teatrında 143-cü teatr mövsümü açıldı

Mədəniyyət Materials 19 Sentyabr 2015 14:30 (UTC +04:00)
Akademik Milli Dram Teatrı senytabrın 18-də “Qarabağnamə” tamaşası ilə 143-cü teatr mövsümünü açıb.
Akademik Milli Dram Teatrında 143-cü teatr mövsümü açıldı

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Akademik Milli Dram Teatrı senytabrın 18-də "Qarabağnamə" tamaşası ilə 143-cü teatr mövsümünü açıb.

Trend xəbər verir ki, İ.Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada Xalq artistləri Rafiq Əzimov (Axund Mirmövsüm ağa), Firəngiz Mütəllimova (Tubu xanım), Ramiz Məlik (Cavad xan), Hacı İsmayılov (Məhəmməd xan), Ramiz Novruz (Sisyanov) Əməkdar artistlər Kazım Abdullayev (İbrahim xan), Əli Nur (Kəlbəli xan), Sabir Məmmədov (Saday bəy), Elşən Cəbrayılov (Lisanoviç), Əjdər Həmidov (Vanya Koxa), aktyorlar Şəhla Əliqızı (Ağabəyim ağa), Ləman İmanova (Səltənətbəyim), Sərdar Rüstəmov (Əbülfət xan), Anar Heybətov (Hüseynqulu xan), Əminə Babayeva (Haykanuş), Rəşad Bəxtiyarov (Birinci əsgər), Elnur Qədirov (İkinci əsgər), Rada Nəsibova (Bəyim), Elnar Qarayev (Çapar) və Nigar Məmmədova (Cariyə) çıxış edirlər.

Tamaşadan öncə Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru Xalq Artisti Azər Paşa Nemət pərdə qabağına çıxaraq teatrın kollektivini və teatrsevərləri təbrik edib: "Bu gün teatr mədəniyyətimiz üçün əlamətdar bir gündür. Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Gəncədə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinin tamaşası ilə Azərbaycanda teatr mövsümü açıldı. Akademik Milli Dram Teatrı 143-ü teatr mövsümünü başlayır. Teatrın yeni mövsümünün açılışı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum gününə təsadüf edib. Bir neçə gün öncə teatrın aktyoru, istedadlı sənətkar, Xalq artisti İlham Əsgərovun vəfatı hamımızı sarsıtdı. Bu, Azərbaycan teatrı üçün çox böyük itkidir. Son illərdə itkilərimiz çox olub. Amma həyat, teatrımızda yaradıcılıq prosesi davam edir və bu gün teatrın sənətçiləri səhnəyə çıxaraq, "Qarabağnamə" tamaşasını Sizlərə təqdim edirlər. Görkəmli dramaturqumuz İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan "Qarabağnamə" tamaşası Azərbaycan tarixinin böyük bir mərhələsini təsvir edir. Aktyorlarımız tamaşada məharətlə çıxış edirlər".

Azər Paşa Nemət tamaşaçıları kollektivin adından təbrik edib. O qeyd edib ki, bu il teatrsevərləri yeni tamaşalarla, qastrol səfərləri ilə, festivallarla dolu maraqlı bir mövsüm gözləyir.

Sonra Azər Paşa Nemət "Qarabağnamə" tamaşasında çıxış edən aktyorları səhnəyə dəvət edib. Səhnə geyimlərində pərdə önünə çıxan aktyorları tamaşaçılar alqışlarla qarşılayıb. Sonda "Qarabağnamə" tamaşası nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti