...

"Yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır" (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2015 17:29 (UTC +04:00)
Məcburi köçkünlərin problemlərinin həlli hazırda daha böyük əhəmiyyət kəsb edir.
"Yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır" (FOTO)

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Məcburi köçkünlərin problemlərinin həlli hazırda daha böyük əhəmiyyət kəsb edir.

Ölkəmizdə səfərdə olan İsveçin Xarici İşlər Nazirliyinin əməkdaşları Therese Hyden, Tobias Lorentzson, Sofia Ekfeldt Nyman, Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin Avropa İdarəsinin başçısı Mirja Peterson və İsveçin Azərbaycandakı müvəqqəti İşlər vəkili Tomas Danestad bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynovun müşayiəti ilə ölkəmizdəki məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə yerində tanış olublar.

Komitədən Trend-ə verilən məlumata görə, əvvəlcə Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olan qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində ölkəmizin üzləşdiyi 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, bu problemin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi geniş tədbirlər barədə məlumat verilib.

Sonra qonaqlar yataqxanadakı şəraitlə tanış olublar. Məlumat verilib ki, yataqxanada 160 məcburi köçkün ailəsi məskunlaşıb. Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində olan qonaqların diqqətinə çatdırılıb ki, 16 kvadratmetrlik otaqda 5 nəfər yaşayır. Ev sahibi vurğulayıb ki, yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır.

Təəssüratlarını bölüşən nümayəndə heyəti buradakı acınacaqlı vəziyyətdən təəssüfləndiyini bildirib. Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anladığını diqqətə çatdıran qonaqlar problemin tezliklə həllinin, bu şəraitdə yaşayan insanların doğma ocaqlarına qaytarılmasının vacibliyini bildirib.

Nümayəndə heyətinə bildirilib ki, hələ də bu cür ağır şəraitdə yaşayan məcburi köçkünlərimiz var. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına, ona edilmiş əlavələrə uyğun olaraq onların da sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir.

Sonra nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində, 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gəliblər. Qonaqlar məhəllədəki 33 nömrəli orta məktəbdə şagirdlərin təhsil almaları üçün yaradılmış şəraitlə maraqlanıblar. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək təhsil üçün hər cür şərait yaradılıb.

Qonaqlar məktəbin kompüter otağına baxıb, tədris prosesi və ərazidəki Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.

Sonra qonaqlar məhəllədə tikilmiş 280 yerlik uşaq bağçası ilə də tanış olublar. Məlumat verilib ki, bağça balacaların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təchiz edilib.

Qonaqlar buradakı məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanıb və Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin mənzilində yaradılmış şəraitlə də tanış olublar. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən danışıb, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb.

Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən diplomatlar məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onlar üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdıraraq deyiblər ki, münaqişənin tezliklə həlli insanların doğma torpaqlarına geri qayıtmalarına, onların dözülməz həyat şəraitinə son qoyulmasına imkan yaradacaq. Bunun üçün də məsələ ilə məşğul olan ölkələr və beynəlxalq təşkilatlar öz səylərini artırmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti