...

Lüksemburqda "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib

Siyasət Materials 28 Noyabr 2014 11:42 (UTC +04:00)
Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi ilə 2011-ci ildən bəri Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilmişdir.
Lüksemburqda "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilib

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi ilə 2011-ci ildən bəri Lüksemburqda fəaliyyət göstərən "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasimi keçirilmişdir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, informasiya bürosunun açılışının əsas məqsədi Azərbaycan mədəniyyətinin, eyni zamanda Qarabağla bağlı həqiqətlərin Lüksemburqda, eləcə də bütün Avropada daha geniş kütləyə tanıdılmasıdır.

Tədbirdə Lüksemburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, ictimai-siyasi xadimlər, Lüksemburq Xarici İşlər Nazirliyinin baş katibinin müavini Leo Faber, Lüksemburqun digər dövlət qurumlarının nümayəndələri və Azərbaycan diasporunun nümayəndələri, eləcə də kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Lüksemburqun mərkəzi küçələrindən birində yerləşən bu informasiya bürosu və həmçinin onun tərkibinə daxil olan sərgi zalı vasitəsilə ölkəmiz, eləcə də onun işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı tarixi, mədəni, turistik məlumatların yerli əhaliyə çatdırılması, mütəmadi şəkildə müvafiq tədbirlərin təşkili nəzərdə tutulur. İnformasiya bürosu istənilən ziyarətçi üçün hər zaman açıqdır və Azərbaycanla bağlı zəngin ədəbiyyata - müxtəlif kitablar, jurnallar, audio və videomateriallar, broşürlər və s. əyani vəsaitlərə malikdir. İnformasiya bürosunun yüksək zövqlə hazırlanmış dekorasiyası Azərbaycan mədəniyyəti və incəsənətinin bir çox elementlərini özündə əks etdirir.

Tədbirdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev, millət vəkili Fuad Muradov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, səfirliyin müşaviri Fərəh Gözəlova və "Qarabağ" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri xanım Lea Linster çıxış edərək, Lüksemburqda belə bir assosiasiyanın yaradılması ilə bağlı öz hisslərini bölüşmüşlər.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev Assosiasiyanın yaradılmasında və fəaliyyətində əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirmiş və bu kimi təşkilatların fəaliyyətinin avropalıların Azərbaycan həqiqətləri barədə məlumatlandırılması baxımından əhəmiyyətinin danılmaz olduğunu vurğulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti