...

Kanzas ştatında Xocalı qətliamı ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 27 Fevral 2015 20:24 (UTC +04:00)
ABŞ-ın Kanzas ştatının paytaxtı Topika şəhərində Azərbaycan Dostları Assambleyasının (AFAZ) təşkilatçılığı ilə Xocalı qətliamının 23-cü il dönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Kanzas ştatında Xocalı qətliamı ilə bağlı anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

ABŞ-ın Kanzas ştatının paytaxtı Topika şəhərində Azərbaycan Dostları Assambleyasının (AFAZ) təşkilatçılığı ilə Xocalı qətliamının 23-cü il dönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Kanzasın qanunverici orqanının 10-dan çox üzvü, yerli ictimaiyyət, Azərbaycan və türk icmalarının təmsilçiləri, həmçinin Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin əməkdaşı Samir Becanov da iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirin başlanğıcında Xocalı qətliamı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan icmasının nümayəndəsi açılış çıxışı edərək Xocalı qətliamı haqqında iştirakçılara qısa məlumat vermiş, o gün baş vermiş dəhşətli hadisələrin erməni vandalizminin və əsrlər boyu Azərbaycan xalqına qarşı törədilən soyqırım siyasətinin nəticəsi olduğunu bildimişdir. Ermənistanın işğal və etnik təmizləmə siyasətinin, habelə qonşulara qarşı ərazi iddialarının Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ən böyük təhdid olduğunu bildirən icma nümayəndəsi Azərbaycan diasporasının ildən-ilə təşkilatlanaraq ermənilərin yalan-şər dolu təbliğatının önlənməsində daha da effektiv olduğundan söz açmışdır.

Daha sonra Azərbaycan səfirliyinin əməkdaşı təqdimatla çıxış etmişdir.

Xocalı qətliamının Azərbaycan tarixində ən faciəvi səhifələrdən biri olduğunu bildirən diplomat hadisənin tarixçəsi və Xocalının Azərbaycan xalqı üçün tarixi və mənəvi dəyəri barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. Təqdimat zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı tətbiq edilən qəddarlıq qətiyyətlə pislənmiş, baş verənlərin beynəlxalq humanitar hüququn təməl norma və prinsipləri ilə ziddiyət təşkil etdiyi və təqsirkarların ədalət mühakiməsi qarşısına çıxarılmasının zəruri olduğu bildirilmişdir.

Bununla yanaşı, Xocalı hadisələrinə dair bir sıra nəşrlərdə, o cümlədən xarici kütləvi informasiya vasitələrində və insan hüquqları üzrə beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarında əks olunmuş faktlar, habelə faciə şahidlərinin müsahibələrindən çıxarışlar mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu vurğulayan diplomat son illər Xocalı faciəsinin ABŞ-da bir sıra ştatlar, habelə Çexiya, Pakistan, Meksika, Türkiyə, Bosniya və Herseqovina, Honduras və digər dövlətlər tərəfindən tanındığını və bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini, eləcə də bu qətliamın qurbanlarının xatirəsinin Azərbaycan xalqı tərəfindən daim uca tutulacağını bildirmişdir.

Tədbirin sonunda "Xocalıya ədalət" kampaniyası tərəfindən hazırlanmış materiallar iştirakçılar arasında yayılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti