...

Panama parlamentinin sədri Azərbaycana səfər etmək istəyir (FOTO)

Siyasət Materials 6 Oktyabr 2015 15:01 (UTC +04:00)
Elmar Məmmədyarov Panamaya rəsmi səfəri çərçivəsində Panama Milli Assambleyasının sədri Ruben De Leon Sançez ilə görüşüb.
Panama parlamentinin sədri Azərbaycana səfər etmək istəyir (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Panamaya rəsmi səfəri çərçivəsində Panama Milli Assambleyasının sədri Ruben De Leon Sançez ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Panama parlamentinin sədri E.Məmmədyarovu ölkəsində salamlayaraq iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfəri yüksək qiymətləndirdiyini vurğulayıb, Azərbaycan xarici işlər nazirinin səfərinin iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq üçün əlverişli imkan yaratdığını qeyd edib.

Nazir Panamanın parlament sədrinə Azərbaycanın siyasi-iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər və beynəlxalq səviyyədə qazandığı uğurlar haqqında məlumat verib, Azərbaycanın Latın Amerikası və Mərkəzi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

E.Məmmədyarov iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu və bu imkanlardan istifadə edilməsinin hər iki ölkə və onun xalqlarının mənafeyinə cavab verdiyini bildirib. Azərbaycan və Panama arasında beynəlxalq təşkilatlar, xüsusən BMT və Qoşulmama Hərəkatı çərçivəsində yaxın əlaqələrin mövcud olduğunu bildirən nazir əksər məsələlərdə iki dövlətin mövqeyinin üst-üstə düşdüyünü qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və doğurduğu fəsadlar, həmçinin münaqişənin həlli istiqamətində aparılan danışıqlar barədə parlament sədrinə ətraflı məlumat verən E.Məmmədyarov Panama parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, həmçinin Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsinə görə təşəkkürünü ifadə edib.

R.Sançez Azərbaycanın inkişafı və Ermənistan-Azərbaycan münaqişəsi haqqında verilən ətraflı məlumata görə təşəkkür edərək ölkəsi üçün də ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinin vacib olduğunu qeyd edib. Panama parlamenti tərəfindən qəbul edilmiş sənədin, demək olar, bütün parlamentarilərin iştirak etdiyi ümumi iclasda yekdilliklə qəbul edildiyini vurğulayıb.

Azərbaycan haqqında çoxlu müsbət məlumatlara malik olduğunu bildirən sədr Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

E.Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafında parlament diplomatiyasının əhəmiyyətinə diqqət çəkərək Panama parlamenti sədrinin Azərbaycana səfər niyyətinin alqışlandığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti