...

Bahar Muradova: Azərbaycanda heç vaxt elə hadisələr baş vermir

Siyasət Materials 28 May 2016 14:05 (UTC +04:00)
Təhlükəsizlik olmadan hər hansı bir ölkədə ümumi inkişafdan, demokratiyanın, cəmiyyətin normal, ahəngdar inkişafından söhbət gedə bilməz.
Bahar Muradova: Azərbaycanda heç vaxt elə hadisələr baş vermir

Bakı. Elçin Mehdiyev - Trend:

"Təhlükəsizlik olmadan hər hansı bir ölkədə ümumi inkişafdan, demokratiyanın, cəmiyyətin normal, ahəngdar inkişafından söhbət gedə bilməz". Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Prezident İlham Əliyevin Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, əgər hər hansı bir ölkədə ictimai-siyasi sabitlik pozulursa və yaxud ayrı-ayrı regionlarda ölkələr bir-birinə qarşı təcavüz siyasəti yürüdürsə, bir ölkə digər ölkənin konstitusion quruluşunun əsaslarını sarsıdan hərəkətlərə yol verirsə, başqa ölkənin daxilində öz maraqlarına uyğun gələn qrupları maliyyələşdirir və silahlandırırsa, bu, həm o ölkələrə qarşı təhdiddir, həm də dünya xalqlarının normal yaşayışı üçün lazım olan təhlükəsizliyə bir təhdiddir: "Əlbəttə, cənab Prezident özünü demokratik sayan, başqalarını öyrətməyə cəhd edən ölkələrdən misallar gətirdi və hər zaman bizə yol göstərməyə çalışan ölkələrdəki duruma diqqət yetirdi və bildirdi ki, o ölkələrdə vətəndaşların müxtəlif məsələlərlə bağlı etirazları çox qəddarlıqla yatırılır, vətəndaşlar döyülür, təhqir olunur, bütün hüquqları tapdalanır və bu da bütün dünyanın gözü qarşısında baş verir".

Vitse-spiker bildirib ki, buna diqqət yetirməyənlər, bunu qiymətləndirməyənlər ancaq gözlərini Azərbaycana dikirlər: "Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycandakı mövcud mühit bütün dünya ölkələrinə nümunə ola bilər və olmalıdır da. Çünki Azərbaycanda heç vaxt elə hadisələr baş vermir və insanlar öz fikirlərini azad şəkildə bildirirlər, hətta hüquqazidd hərəkətlər törətdikdə belə, məsələnin hüquqi müstəvidə normal həllinin tapılmasına çalışılır. Kimliyindən, hansı dünyagörüşə və hansı etnik mənsubiyyətə malik olmasından asılı olmayaraq, Azərbaycanda bütün vətəndaşlara normal yaşamaq və işləmək mühiti yaradılır və bu, Azərbaycanın qazandığı uğurların, nailiyyətlərin əsas səbəblərindən biridir".

B.Muradova vurğulayıb ki, cənab Prezident İlham Əliyev çıxışında Dağlıq Qarabağ məsələsi ilə bağlı bütün Azərbaycan xalqının mövqeyini ifadə etdi: "Biz cənab Prezidentin bu yanaşmasını dəstəkləyirik, ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətindən də nəticə gözləyirik. Əlbəttə ki, indiyə qədər olan fəaliyyət bizi qane etmir. Amma aprel hadisələri bu situasiyanı dəyişdi və dəyişmiş mühitdə də dəyişmiş yanaşmalar olmalıdır. Bu yanaşmaların da birinin adını cənab Prezident çəkdi ki, həmsədrlərdən substantiv, yəni, mənalı yanaşma gözləyirik".

B.Muradova bildirib ki, əlbəttə, Dağlıq Qarabağ münaqişəsinə əvvəlki yanaşmalar indi heç cür uyğun gəlmir, çünki reallıqlar tamamilə başqa məsələləri diqtə edir, danışıqlar uzadılmadan bu məsələnin həlli tapılmalıdır: "Cənab Prezident dəfələrlə vurğulayıb və dünənki çıxışında da vurğuladı ki, Azərbaycan heç zaman danışıqlar xatirinə danışıqlarda iştirak etməyəcək. Cənab Prezident bir məsələni də qeyd etdi ki, Vyana görüşü müəyyən ümidlər yaradıb və bu müsbət başlanğıcı müsbət nəticəyə çevirmək üçün gözləntilərimiz var, bu gözləntiləri də Azərbaycan tərəfi danışıqlar prosesində Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırır və "status-kvo dəyişməlidir" deyəndə nədən başlanmalı olduğunu vurğulayır. Əlbəttə ki, bugünkü status-kvonun da, münaqişənin bu qədər uzanmasının, ümumiyyətlə, belə bir problemin yaranmasının da səbəbi Ermənistanın təcavüskar qoşunlarının Azərbaycanın ərazilərini işğal altında saxlamasıdır. Ona görə də bu səbəb aradan qaldırmalıdır, status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti