...

Asim Mollazadə seçicilərlə görüşlər keçirib

Siyasət Materials 31 Oktyabr 2005 17:00 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili, 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizəd Asim Mollazadə öz seçki qərargahında seçiciləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə Müharibə Ieteranları və Şəhid Anaları Qadınlar Cəmiyyətini təmsil edən seçicilər də iştirak edib. Görüş zamanı Asim Mollazadə öz platformasını açıqlayıb və seçiciləri maraqlandıran sualları cavablandırıb. Şəhid anaları onlara lazımi qayğının göstərilməməsindən, icra hakimiyyətinin laqeyd münasibətindən, işsizlikdən, ev problemindən şikayətləniblər. Seçicilər bildiriblər ki, deputatlar öz maaşlarının 1000 dollar olmasını tələb etdikləri halda, təqaüdlər, veteranlara və şəhid ailələrinə ayrılan kompensasiyalar çox aşağı olaraq qalır. Səhiyyə, təhsil sistemində baş alıb gedən korrupsiyadan, məmurların xalqı təmsil etməməsindən bəhs edən seçicilər bu seçkilərə çox böyük ümidlər bəslədiklərini dilə gətiriblər.

Oktyabrın 30-da isə Asim Mollazadə A.D.Qurbanov küçəsində (keçmiş "Kubinka"da) seçicilərlə görüş keçirib. Bu görüş zamanı seçicilər qarşısında öz platformasını açıqlayan Asim Mollazadə ölkədəki mövcud problemlərdən və onların həlli yollarından danışıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqlayan millət vəkili bunun müharibəsiz, dinc üsullarla həllinə nail olmağın vacibliyini qeyd edib. O, son zamanlar ölkədə baş verən proseslərə diqqət yetirib və yüksək vəzifəli məmurların həbsinin bir daha ölkədə məmur özbaşınalığının baş-alıb getdiyi barədə fikirləri təsdiqlədiyini bildirib. Ölkədə işsizliyin aradan qaldırılması, iqtisadiyyatın inkişafı, sosial problemlərin həllinə dair fikirlərini açıqlayan Asim Mollazadə iş adamlarəna dəstək verilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, bunun müqabilində də yeni iş yerlərinin açılması, azimkanlı insanlara ünvanlı sosial müdafiənin təmin olunmasını vacib amillər kimi səciyyələndirib.

Xəbər lenti

Xəbər lenti