...

Azərbaycanlı yazar medalla təltif edildi (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2014 18:14 (UTC +04:00)
Əkbər Qoşalı bu günlərdə bir neçə türkdilli ölkə və toplumdan medal, plaket və “Fəxri fərman” alıb.
Azərbaycanlı yazar medalla təltif edildi (FOTO)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Türk dünyası ədəbiyyat cameəsi və gənclik ictimaiyyəti tərəfindən yaxşı tanınan azərbaycanlı yazar Əkbər Qoşalı bu günlərdə bir neçə türkdilli ölkə və toplumdan medal, plaket və "Fəxri fərman" alıb.

Qırğız Respublikası "Toktokul Satılqanov Fondu" tərəfindən medalla təltif edilən azərbaycanlı yazar TÜRKSOY tərəfindən Türk Dünyası Ədəbiyyatına dəyərli xidmətlərinə görə Plaketlə təltif edilib.

Həmçinin Tatarıstan Yazıçılar Birliyi, Çuvaşıstan Yazıçılar Birliyi, Moskvada fəaliyyət göstərən "Şəhriyar" Ədəbi Məclisi, Gənc Qaqauz Yazıçılar Birliyi, habelə Özbəkistan "Kamolat" Təşkilatı tərəfindən "Fəxri fərman"la təltif edilən Ə.Qoşalı bu təltiflərə adıkeçən ölkə və toplumlarla, ədəbi qurumlarla ikitərəfli ədəbi-mədəni əlaqələrin gücləndirilməsi, habelə ümumən Türk Dünyası Ədəbiyyatına göstərdiyi xidmətlərə, gənc istedadların üzə çıxarılması sahəsində gördüyü diqqətəlayiq işlərə görə layiq bilinib.

Təltiflər bu günlərdə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən, DGTYB-nin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanda səfərdə olan türk ölkə və toplumlarının təmsilçiləri tərəfindən təqdim edilib.

Qeyd edək ki, Ə.Qoşalı hazırda Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, DGTYB Təsisçilər Şurasının başqanı, "Yeni Azərbaycan" qəzetinin Ədəbiyyat şöbəsinin redaktorudur.

O bundan öncə də bir sıra nüfuzlu qurumlar tərəfindən mükafatlandırılıb. Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olan (2008) yazar, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının Gənclər və İdman Nazirliyi ilə ortaq təsis etdiyi "Fəxri Gənc" Qızıl Döş Nişanına (2010), İraq Gənclər və İdman Nazirliyinin "Gümüş Plaket"inə (2012), "Rəsul Rza" Ödülünə (2009), "Şahmar Əkbərzadə" Ödülünə (2006), Azərbaycan Jurnalistlər Birliyinin "Zərdabi" Diplomuna (2003), Yazıçılar Birliyinin Gənclər və İdman Nazirliyi ilə ortaq təsis etdiyi "Respublika Gənclər Ödülü"nə (2002), Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı Respublika Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Müdafiə Nazirliyinin, Milli QHT Forumunun, Makedoniya "Ufuk" Vəqfinin, "EkoAvrasya"nın və s. ödüllərinə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti