...

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 3-ə çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2014 18:46 (UTC +04:00)
“AzerFloat” QSC Sumqayıt Kimya Sənaye Parkının növbəti rezidenti oldu
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 3-ə çatdı

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Sumqayıt Kimya Sənaye Parkının inkişaf strategiyasına uyğun olaraq, sənayeləşmənin genişləndirilməsi istiqamətində yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü yeni məhsul növlərinin istehsalının təşkili, yaradılan müəssisələrin ən müasir avadanlıqlarla və innovativ texnologilayalarla təchiz edilməsi, sənaye sahəsində məşğulluğun təmin olunması, sənaye parkının təşviq edilməsi və investorların cəlb olunması ilə əlaqədar işlər davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar parkın idarəedici təşkilatı olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə qanunvericiliyə müvafiq olaraq müraciət etmiş "AzerFloat" Qapalı Səhmdar Cəmiyyətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 3-ə çatıb.

"AzerFloat" QSC sənaye parkının ərazisində "Float" texnologiyası (isti vannada yayma) əsasında şüşə lövhələrin istehsalı ilə məşğul olacaq. Layihə çərçivəsində 150 nəfərin çalışacağı və ildə 8 mln. m2 müxtəlif çeşiddə şüşə lövhələr istehsal edəcək Vərəqə Şüşə İstehsalı Zavodunun inşası nəzərdə tutulur. Burada istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur. Qeyd edək ki, hazırda ölkədə vərəqə şüşələrə olan tələbat əsasən idxal məhsulları hesabına təmin edilir.

Yeni yaradılan müəssisənin layihələndirilməsi, onun bu sahəyə aid olan müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz edilməsi dünyada şüşə əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan Almaniyanın "HORN Glass Industries AG" şirkəti tərəfindən təmin ediləcək.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət vergisindən, əmlak vergisindən, torpaq vergisindən və idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.

Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili və sənaye parkına investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti