...

"MasterCard" Azərbaycandakı tərəfdaşları ilə görüş keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 16:15 (UTC +04:00)
Bakıda “MasterCard” beynəlxalq ödəniş sisteminin regional ofisinin nümayəndələrinin Azərbaycandakı tərəfdaşlarla görüşü keçirilib.
"MasterCard" Azərbaycandakı tərəfdaşları ilə görüş keçirib (FOTO)

Bakı. Trend:

Bakıda "MasterCard" beynəlxalq ödəniş sisteminin regional ofisinin nümayəndələrinin Azərbaycandakı tərəfdaşlarla görüşü keçirilib. Sözügedən tədbirin məqsədi şirkətin region üzrə gələcək planlarının müzakirəsi və "MasterCard"ın qlobal yeniliklərinin təqdimatı olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən "MasterCard" beynəlxalq ödəniş sisteminin Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir görüş iştirakçılarına müasir bazar tendensiyaları, qərb ölkələrində "MasterCard"ın müxtəlif innovativ məhsulları əsasında kart proqramlarının uğurlu icra təcrübəsindən danışaraq, həmçinin tərəfdaşların rəyi və qiymətləndirməsinin şirkətin fəaliyyətində həlledici rola malik olduğunu vurğulayıb.

"Sürətlə inkişaf edən Azərbaycan bazarı "MasterCard" üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkədəki fəaliyyətimizi möhkəmləndirmək və Azərbaycanda olan tərəfdaşlarımıza dəstəyi artırmaq məqsədilə bu il Bakı ofisimizi açmağı planlaşdırırıq. Bugünkü tədbirimizin başlıca məqsədi "MasterCard"ın təqdim etdiyi innovativ həllərlə qlobal iqtisadi böhran vəziyyətindən faydalanmaq imkanlarını nümayiş etdirməkdir. Rəqəmsal təkamül dövrünü yaşayırıq və hazırda demək olar ki, bütün "ağıllı" telefonlar ödəniş vasitəsinə çevrilib. Tədqiqatlara əsasən, 2020-ci ilədək elektron ödənişlərin ümumi ödənişlərdəki payı 20-30%-dən çox olacaq. Texnologiyanın qarşımızdakı 5 ildə son 50 il ərzində əldə olunan inkişaf göstəricilərinə nail olacağı gözlənilir. 210 ölkədə ödəniş sistemləri üzrə fəaliyyət göstərən qlobal bir şirkət olaraq yarım əsrlik təcrübə və biliyə əsaslanaraq texnologiyaya yatırımı davam edirik. Dünyada 33 milyondan çox satış nöqtəsi, 2 milyard kart və 150 müxtəlif valyuta ilə həyata keçirilən əməliyyatlar şəbəkəsinə sahibik. Bu qlobal şəbəkəmizin bir hissəsi olaraq Azərbaycanda da müştərilərimizə fərqli bir xidmət göstərmək bizim başlıca məqsədimizdir", - deyə Yasemin Bedir bildirib.

Tədbir çərçivəsində "MasterCard"ın marketinq bölməsinin rəhbəri Ceren Kaya "Marketinq tendensiyaları və praktiki tövsiyələr" mövzusunda təqdimatla çıxış edib. Bunun ardınca rəqəmsal məhsullar bölməsinin rəhbəri Hakan Acar "MasterCard"ın təqdim etdiyi müasir həllər və texnologiyalar barədə danışıb. Maliyyə bazarları üzrə məsləhətçi və tanınmış icmalçı Ali Ağaoğlu tədbir iştirakçıları qarşısında "Maliyyə və iqtisadi böhran dövründə necə tab gətirməli?" mövzusunda təqdimatla çıxış edib.

Qeyd edək ki, görüşdə maliyyə, bank, İT və iqtisadiyyatın digər sahələrinin nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti