...

"Günəşli" yatağı üçün inşa olunan 7 saylı özülün dayaq bloku layihə nöqtəsində quraşdırılıb

Energetika Materials 20 Avqust 2014 17:54 (UTC +04:00)
“Günəşli” yatağı üçün inşa olunan 7 saylı dərin dəniz özülünün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda hazırlanmış dayaq bloku ARDNŞ-nin “Neftqaztikinti” tresti tərəfindən STB-1 barjasına yüklənərək layihə nöqtəsinə nəql edilib.
"Günəşli" yatağı üçün inşa olunan 7 saylı özülün dayaq bloku layihə nöqtəsində quraşdırılıb

Azərbaycan, Bakı, 20 avqust /Trend/

"Günəşli" yatağı üçün inşa olunan 7 saylı dərin dəniz özülünün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda hazırlanmış dayaq bloku ARDNŞ-nin "Neftqaztikinti" tresti tərəfindən STB-1 barjasına yüklənərək layihə nöqtəsinə nəql edilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, 151 metr hündürlüyündə olan piramida şəkilli blok barja üzərindən suya buraxılıb və ballastlaşma sistemi vasitəsilə tarazlaşdırılaraq verilmiş koordinatlara uyğun şəkildə dənizin 147 metr dərinliyində quraşdırılıb.

Quraşdırma işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilib. Blokun dayanıqlığını təmin etmək üçün 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulması tələb olunur. Əsas svaylar 120 metr, köməkçi svaylar isə 90 metr dərinliyə vurulacaq.

Avqustun 19-da müasir tipli "Delmag" markalı svayvuran çəkic vasitəsilə blokun orta ayaqları 2 ədəd svayla ilkin olaraq 40 metr dərinlikdə qrunta bərkidilib. Hazırda orta ayaqlara daha 2 svayın vurulması işləri davam etdirilir. Svayların vurulmasından sonra "Neftqaztikinti" Tresti tərəfindən borulararası boşluğa sement məhlulu töküləcək, 12 ədəd quyu şaxtası, çəkisi 1872,2 ton olan daşıyıcı göyərtə, ümumi çəkisi 3561,23 ton olan 14 ədəd qazma və istismar modulları, qülləaltı postament, vertolyot meydançası, 52 nəfərlik 3 mərtəbəli yaşayış bloku və məişət binası quraşdırılacaq.

Bundan başqa, paylayıcı qurğu blokunun "General Şıxlinski" kran gəmisi vasitəsilə sahildən yüklənərək yerləşdirilməsi də həyata keçiriləcək. Qeyd edək ki, 2 ədəd modul, eləcə də yaşayış bloku və məişət binası Trestin 4 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən Zığ İstehsalat Sahəsində tikilərək, quraşdırılmaq üçün artıq hazırdır. Paylayıcı qurğu blokunun inşası isə davam etdirilir. Eyni zamanda, Zığ istehsalat sahəsində və "BOS Şelf" MMC-də üst tikililərin hazırlanması işləri yerinə yetirilir. Üst tikililər hazır olduqdan sonra onlar Trest tərəfindən özüldə quraşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti