...

Azərbaycanın neft sektoruna yatırılan investisiyalar 30 faizədək artıb

Energetika Materials 16 Sentyabr 2014 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanın neft sektoruna 3,95 milyard manata yaxın investisiya yatırılıb. Bu rəqəm 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 29,5 faiz çoxdur. Bu barədə Trend Dövlət Statistika Komitəsinin bu ilin 8 ayının yekunlarına dair hesabata istinadən məlumat verir.

2013-cü ildə Azərbaycanın neft sektoruna 4,82 milyard manatdan çox investisiya yatırılıb ki, bu da 2012-ci ilin göstəricisindən 24,2 faiz çoxdur.

Məlumata görə, yanvar-avqust aylarında Azərbaycanın sənaye sahəsinə yatırılmış kapital qoyuluşları 4,78 milyard manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 6,1 faiz çoxdur.

Bu vəsaitdən mədənçıxarma sənayesi sahəsinə 3,93 milyard manat həcmində investisiya qoyulub. Bu, 2013-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz çoxdur.

2013-cü ildə Azərbaycanın sənaye sektoruna kapital qoyuluşlarının ümumi həcmi 7,08 milyard manat olub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur. Bu vəsaitdən mədənçıxarma sahəsinə yatırılmış investisiyaların həcmi təqribən 4,7 milyard manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 20,6 faiz çoxdur.

Hesabat dövründə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 197,1 milyon manat təşkil edib. Bu, 2013-cü ilin müvafiq dövrünün göstəricisindən 7,6 faiz azdır.

Ümumilikdə 2013-cü ildə elektrik enerjisi, istilik və qaz istehsalı, paylanılması və təchizatına yatırılmış investisiyaların həcmi 390,5 milyon manat təşkil edib. Bu, 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 31,5 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti