...

Azərbaycan kitabları Moskva Beynəlxalq Kitab Sərgisində yüksək mükafatlara layiq görülüb (FOTO)

Mədəniyyət Materials 10 Sentyabr 2014 17:14 (UTC +04:00)
Azərbaycan nümayəndə heyətinin Rusiyanın ən böyük kitab forumu hesab olunan 27-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakı başa çatıb.
Azərbaycan kitabları Moskva Beynəlxalq Kitab Sərgisində yüksək mükafatlara layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan nümayəndə heyətinin Rusiyanın ən böyük kitab forumu hesab olunan 27-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakı başa çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgi müddətində stendimizdə nazirlik, Heydər Əliyev Fondu və ölkə nəşriyyatları tərəfindən dövlətçiliyə, tarixə, zəngin mədəniyyət və incəsənətimizə dair müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis) nəşr edilən nəfis tərtibatlı çap məhsulları - təqribən 300 adda 500 nüsxədən çox kitab və reklam nəşrləri nümayiş etdirilib. Milli nəşrlər ziyarətçilərdə böyük maraq doğurub. Maraqlananlara ölkəmizin mədəniyyəti, tarixi, turizm potensialı, eləcə də "Bakı-2015" Birinci Avropa Oyunları haqqında ətraflı məlumat verilib.

Sentyabrın 5-də sərgi çərçivəsində MDB ölkələrinin XI Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Belə ki, müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız I yerə (Nigar Rəfibəyli "Məhəbbətim bölünmədi", Rəna Əfəndizadə "Rəhim Seyfullayev - memar", Tahir Salahov "Qrafika" və "Rəngkarlıq" ikicildliyi), II yerə (A.N.Karlyukeviç "Dələ inşa yazır", Neymət Kelimbetov "Ümidimi itirmək istəmədim"), bir kitab isə III yerə layiq görülüb (A.Quliyev, Q.Cəbiyev, F.Xəlilli "Muradxan xəzinəsi"). Xalq yazıçısı Elçinin həyat və yaradıcılıq yolunu əks etdirən "Nədir ömrün mənası" kitabı "Qran-Pri" nominasiyası üzrə, xalq rəssamı Səlhab Məmmədovun "Albom"u isə "Mənim ölkəm" nominasiyasında xüsusi mükafatlara layiq görülüb.

Ölkəmiz adından diplomları əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti