...

Prezident İlham Əliyev: Yeni neft strategiyamız 20 ildir icra edilir, ölkəmiz üçün böyük fayda gətirib

Siyasət Materials 20 Sentyabr 2014 12:51 (UTC +04:00)
"20 il əvvəl - 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmışdı. Bu, tarixi bir hadisə idi. Çünki gənc, müstəqil Azərbaycan dünyada o qədər də tanınan ölkə deyildi".
Prezident İlham Əliyev: Yeni neft strategiyamız 20 ildir icra edilir, ölkəmiz üçün böyük fayda gətirib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Seymur Əliyev/

"20 il əvvəl - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanmışdı. Bu, tarixi bir hadisə idi. Çünki gənc, müstəqil Azərbaycan dünyada o qədər də tanınan ölkə deyildi". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı deyib ki, Azərbaycan çox böyük problemlərlə üzləşmişdi: "Müstəqilliyimizin ilk illəri çox ağır keçmişdi. Erməni işğalı, vətəndaş müharibəsi, iqtisadi və siyasi böhran - bütün bu amillər ölkəmizin inkişafına böyük problemlər yaradırdı, böyük maneə idi. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan bu mərkəzdə Prezident Heydər Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndiririk. Məhz onun uzaqgörənliyi, cəsarəti, müdrikliyi sayəsində "Əsrin müqaviləsi" imzalanmışdı".

Azərbaycan Prezidenti qeyd edib ki, beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaranmış, Azərbaycana böyük həcmdə investisiyalar qoyulmağa, Xəzər dənizində tarixdə ilk dəfə olaraq, beynəlxalq əməkdaşlıq prosesi başlamışdır: "Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir və ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz "Əsrin müqaviləsi"ndən başlamışdır. Yeni neft strategiyamız 20 ildir ki, icra edilir, ölkəmiz üçün böyük fayda gətiribdir".

İlham Əliyevin sözlərinə görə, ilk dəfə olaraq, o illərdə Xəzəri Qara dəniz, Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi: "Bu da tarixi nailiyyətdir. Bütövlükdə, deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər neft-qaz sahəsində bir neçə önəmli mərhələ olmuşdur. Mən indi onların bir neçəsini sadalamaq istəyirəm".

Dövlət başçısı bildirib ki, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması, 1996-cı ildə "Şahdəniz" qaz yatağı üzrə sazişin bağlanması da çox önəmli hadisə idi, çünki bu gün "Cənub Qaz Dəhlizi"nin resurs mənbəyi dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz" qaz yatağıdır - orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.

İlham Əliyev qeyd edib ki, 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilmişdir. Bu da yeni bir ixrac marşrutu idi.

Azərbaycan Prezidenti deyib ki, 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu: "O kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və nəinki bu gün Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərir. Ondan sonra 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq qaz ölkəsi kimi özünü göstərməyə başlamışdır. Bu kəmərin yeni xəttinin tikintisi əslində, bu gün başlayır. Azərbaycan artıq "Cənub Qaz Dəhlizi"nin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdi. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir".

İlham Əliyevin sözlərinə görə, məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq "Cənub Qaz Dəhlizi"nin konturları görünməyə başlamışdır: "2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır və sadəcə olaraq biz birgə səylərlə "Cənub Qaz Dəhlizi"nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik. Bir sözlə, bax, bu son illər ərzində Azərbaycan ardıcıl şəkildə öz enerji siyasətini irəliyə aparıb. Yəni, bugünkü mərasim sadəcə olaraq, görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün "Cənub Qaz Dəhlizi"ndən söhbət belə gedə bilməzdi. Hal-hazırda layihə tam hazırdır. Bu gün dəhlizin tikintisi başlayır. Əlbəttə ki, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək. Koordinasiya yüksək səviyyədə olmalıdır. Bu layihə Azərbaycana əlavə dividentlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Baxmayaraq ki, son 10 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyat olmuşdur. Bu layihə bizim üçün yeni imkanlar açır".

Dövlət başçısı deyib ki, son 10 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3 dəfədən çox, büdcə xərcləri 20 dəfə artıb: "Xarici dövlət borcu ümumi daxili məhsulumuzun cəmi 8 faizini təşkil edir. İşsizlik 5 faizə düşmüşdür. Yoxsulluq 5 faizdən bir qədər çoxdur. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. Bu, bizim üçün çox böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Neft-qaz resurslarımız sadəcə olaraq, bizim üçün əlavə bir imkandır, dəstəkdir. Bu, bizə imkan verir ki, biz öz investisiyalarımızı bu layihələrə qoyaq. TANAP layihəsində Azərbaycan əsas səhmdardır və əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürəcəkdir. "Şahdəniz"də, TAP-da və digər layihələrdə Azərbaycan öz payını özü maliyyələşdirir. Beləliklə, vaxtilə əldə edilmiş iqtisadi mənfəət bu gün bizim ümumi maraqlarımıza xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti