...

700 bal toplamış tələbələr deputatlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 24 İyul 2014 17:20 (UTC +04:00)
Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Azərbaycan ali məktəblərinə keçirilmiş imtahanlarda yüksək bal toplamış tələbələrlə Milli Məclisin deputatlarının görüşü keçirilib.
700 bal toplamış tələbələr deputatlarla görüşüb (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Azərbaycan ali məktəblərinə keçirilmiş imtahanlarda yüksək bal toplamış tələbələrlə Milli Məclisin deputatlarının görüşü keçirilib.

700 bal toplamış 8 gənc tələbə ilə "Gənclər Evi"ndə keçirlən görüşdə deputatlar Fuad Muradov, Sahibə Qafarova, Qənirə Paşayeva və "İrəli" Gənclər Hərəkatının sədri Mirhəsən Seyidov iştirak ediblər.

Toplantını giriş sözü ilə açan PJB-nin sədri Elşad Eyvazlı böyük uğur münasibətilə tələbələri təbrik edib. Milli Məclisin deputatı S.Qafarova gənclərin qazandığı yüksək göstəriciləri "böyük nailiyyət" adlandıraraq qeyd edib ki, oxumaq istəyi olmasaydı, bu ad qazanıla bilməzdi. Onun sözlərinə görə, 700 bal toplamış tələbələr bu istedadı indi oxuyacaqları ali məktəblərdə də nümayiş etdirməlidirlər. Deputat bildirib ki, ən vacib olan gənclərin öz bilik və bacarıqları ilə ölkəmizin adını ucaltmalarıdır.

Milli Məclisin deputatı F.Muradov deyib ki, yüksək nəticələr hər bir tələbinin şəxsi nailiyəti ilə yanaşı, dövlət üçün də mühüm nəticədir. Tələbələrə Prezident təqaüdü alacaqlarını xatırladan deputat vurğulayıb ki, bununla da gənclərin üzərinə həm də ictimai yük düşür: "Belə yüksək bal həm də sizin çiyninizə ictimai məsuliyyət qoyur. Prezident İlham Əliyevin böyük önəm verdiyi gənclər siyasətinin hədəfi peşəkar və savadlı kadrları önə çəkmək və idarəçilik sisteminə gətirməkdir. Bunun üçün peşəkar və bilikli olmaq vacib məsələdir".

F.Muradov qeyd edib ki, bu gün dövlət başçısı tərəfindən aparılan siyasət nəticəsində ölkə gənclərinin özlərini istənilən sahədə təsdiq etmək üçün unikal imkanları yaranıb: "Torpaqlarımız işğal altındadır. Hər bir gənc özünün bacarığı və qabiliyyəti ilə torpaqlarmızın azad olunması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması üçün İlham Əliyev tərəfindən aparılan siyasətə öz bacarıq və töhfələrini verməlidir".

Millət vəkili Qənirə Paşayeva bildirb ki, bu gün vətənpərvərlik üçün ən yaxşı göstərici yüksək təhsil, öz işində peşəkar olmaqdır. "Patriotluq sözdə deyil, əməldə olmalıdır", - deyən deputat vurğulayıb ki, 700 bal toplamış bu tələbələrin nailiyyəti vətənpərvərliyin bariz nümunəsidir: "Sizin kimi gənclərin bu gün cəmiyyətə təqdim olunmasına böyük ehtiyac var. Çünki bu, ölkədə elmin təbliğ olunmasında böyük rol oynayır. Siz Azərbaycanın simasısınız. Yaxşı vətəndaş olmaq həm də ictimai yükün altına girməkdir. Bu baxımdan sizin üzərinizə böyük məsuliyyət düşür".

"İrəli" Gənclər Hərəkatının sədri Mirhəsən Seyidov qeyd edib ki, son illər 700 bal toplamış gənclərin geniş təbliği və təqdim olunması gənclər üçün çatmaq istədikləri uğur modelini formalaşdırıb. M.Seyidov rəhbərlik etdiyi təşkilat tərəfindən gənclərə hər cür dəstək olmağa hazır olduğunu vurğualyıb.

Gənc tələbələr çıxış edərək görüş üçün təşəkkür ediblər və onları maraqlandıran sualları deputatlara ünvanlayıblar.

Tədbirin sonunda tələbələrə hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti