Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Gələn il ərzində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet resursunun mobil versiyası hazırlanacaq.
Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet resursunun yenilənmiş versiyasının təqdimat mərasimində çıxış edən nazirliyin şöbə müdiri
Vüqar Şıxəmməmədov bildirib.
Onun sözlərinə görə, nazirliyin Cağrı Mərkəzinin də yaradılması planlaşdırılır.
V.Şıxəmməmədov qeyd edib ki, saytin yeni versiyası gələn həftə işə salınacaq. Əvvəlki versiyadan fərqli olaraq, yeni versiya daha işləkdir, burada müxtəlif bölmələrə, eyni zamanda sosial şəbəkələrə keçid çox sürətlidir: "Bölmələrdəki məlumatlar xeyli yüngülləşdirilib, sayt çox da yüklənməyib. Nazirlik hər gün 10-12 xəbər verir. Orta hesabla gün ərzində 700 baxış var".
V.Şıxəmmədov hazırda nazirliyin fotobankının yaradırılmadı üzərində də iş aparıldığını söyləyib.
Nazir Əbülfəs Qarayev isə saytla bağlı bəzi iradlarını bildirərək qeyd edib ki, sayta tarixi abidələrlə bağlı yeni məlumatların əlavə edilməsinə ehtiyac var. Ə.Qarayev nazirliyin və ona tabe olan qurumların işçilərinin saytdakı xəbərlərdən faydalanmasını da tövsiyə edib.